Azərbaycanlı məşqçi "Sevilya"da: "Mənə maddi kömək lazım deyil"

"Planımda mövsümün sonuna qədər iki klubda praktikadan keçmək var. Biri ilə danışıqlar artıq yekunlaşıb".

 

Sportal.az xəbər verir ki, bunu apasport.az-a açıqlamasında futbol məşqçisi Samir Abasov deyib.

 

Bir müddət əvvəl "Zirə" ilə yollarını ayıran və hazırda işsiz olan 41 yaşlı mütəxəssis mövsümün sonuna qədər boş oturmaq fikrində deyil. O, bu müddət ərzində praktika üçün iki klubun düşərgəsinə yollanacaq ki, onlardan biri artıq məlumdur. Abasov yanvarda "Sevilya"nın bazasına gedəcək:

 

"Çox şey öyrənəcəyimi düşündüyüm iki klub var ki, ora getməyi planlaşdırıram. İnşallah, yanvarda "Sevilya"nın düşərgəsinə yollanacam. Razılığı almışıq, sadəcə, onlar hansı günlərin münasib olduğu ilə bağlı məktub göndərəcəklər".

 

Abasov İspaniya klubunu seçməsinin səbəblərini də açıqlayıb: "Sevilya"ya hər il yeni oyunçular gəlir, heyətini yeniləyir. Baş məşqçiləri Xulen Lopeteqi İspaniya yığmasında da, "Real"da da işləyib. Yüksəlişi də, enişi də görən məşqçidir. Həm sərgilənən oyun, həm də struktur baxımından mənim üçün gediləsi yerdir".

 

Milli komandamızın sabiq futbolçusunun canlı görmək istədiyi digər baza "Ayaks"dır. Ancaq o, bu baxımdan müəyyən problem yaşadığını etiraf edib:

 

"Sevilyadan döndükdən sonra tempdən düşməmək üçün ən azı daha bir klubun düşərgəsinə getmək istəyirəm. Futboldakı yeniliklər baxımından axsamağa başlamışam. İstəyirəm çatışmayan cəhətləri düzəldim.

 

Arzuladığım növbəti klub "Ayaks"dır. İngiltərə Premyer Liqasında da getmək istədiyim klub var, ancaq buna imkanım çatmır. "Ayaks"a yollanmaq da mənim təkbaşına yerinə yetirə biləcəyim iş deyil.

 

Açığı, ora çıxışım yoxdur. Buna gücü çatan kimsə olsa, ondan xahiş edəcəm. Mənə maddi kömək lazım deyil. Sadəcə, bu işlə məşğul olan insanlardan Hollandiya klubu ilə əlaqə saxlamağıma kömək etmələrini xahiş edəcəm".

Tarix: 11 Dekabr [12:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2020
22  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio