Yolu "525"dən keçən idman jurnalistləri - sorğu

00:00 - 23 İyul 2020

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkə mətbuatına təzə nəfəs gəldi, canlanma yarandı, bir-birinin ardınca yeni müstəqil qəzetlər yaranmağa başladı, gənclərin jurnalistikaya axını artdı.

 

Bu axında yaranan mətbu orqanlardan biri də 1992-ci ilin noyabrın 17-də ilk sayı işıq üzü görən "525-ci qəzet" idi. Təsis edildiyi vaxtdan indiyə kimi həmişə gənclərə dəstək verən "525"in sayəsində neçə-neçə yeniyetmə, gənc burada jurnalistikanın sirlərinə yiyələndi, özünü sübut edərək sonradan imzası ilə tanındı, söz sahibi oldu. "525"in "şinel"indən çıxan onlarla jurnalist bu gün dövlət orqanlarında, müxtəlif yerli və xarici təşkilatlarda, həmçinin, jurnalistikanın müxtəlif sahələrində çalışır.

 

Belə sahələrdən biri də idman jurnalistikasıdır. Bu yöndə  "525 məktəbi"ndə "dərs almış" jurnalistlərin sayı az deyil. Milli Mətbuatımızın yubileyi günündə onlardan bir neçəsi ilə əlaqə saxlayıb "525"li günlərini xatırladıq.  

 

"525"də öyrəndiklərim sonralar karıma gəldi" 

 

Elnur Əşrəfoğlu üçün yeni vəzifə

 

Elnur Əşrəfoğlu üçün yeni vəzifə

 

Azərbaycanın sayılıb-seçilən idman şərhçilərindən biri olan Elnur Əşrəfoğlu jurnalistikada ilk addımlarını "525"də atıb. Onun "525"ə gəlişi 1992-ci ilin sonlarına təsadüf edir. O vaxt Elnur qəzetin əməkdaşı Səbuhi Məmmədli ilə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Politologiya fakültəsində bir yerdə təhsil alırmış. Təklif də məhz Səbuhidən gəlib: "Jurnalistikaya marağım çox idi. Səbuhi mənə "525-ci qəzet"də işləməyi təklif edəndə, düşünmədən qəbul etdim. Redaksiya "Azərbaycan" nəşriyyatı ilə üzbəüz binanın 1-ci mərtəbəsində - "Müxalifət" qəzetinin redaksiyasında yerləşirdi. 2 balaca otaq idi, qəzeti hazırlamaq üçün lazımi avadanlıqlar yox dərəcəsindəydi. Buna baxmayaraq, ilk gündən o balaca otaqlardakı atmosfer mənə xoş gəlmişdi. "525-ci qəzet" elə ilk sayından öz sözünü deməyi bacarmışdı. Qəzet nəyə görə populyar idi? Çünki kollektiv gənclərdən təşkil olunmuşdu, sərbəstlik var idi, qəzetin yaradıcısı Rəşad Məcid heç kimin işinə qarışmırdı. Bu, gənclərə rahat işləməyə, öz ideyalarını həyata keçirməyə imkan verirdi. İndiyə kimi "525" yüzlərlə gəncə istedadlarını açmaq üçün şans yaradıb. Bunun nəticəsidir ki, "525"in "şinel"indən çıxan onlarla gənc insan sonradan məşhurlaşdı, özlərinə karyera qurdu".

 

"525"də fəaliyyətə daha çox maraq göstərdiyi sahə - idmanla başlayan Elnur sonradan digər mövzularda da materiallar hazırlamağa başlayab. O vaxt qəzetdə belə bir rubrika var idi - "2x2". Bu rubrikada maraqlı, əsasən idmanla bağlı xəbərlər dərc edilirdi. Rubrikanı daha da maraqlı edən Elnur olmuşdu. Yeri gəlmişkən, ilk dəfə oxucular "Elnur" imzasını "525"in 1993-cü il, 28 may buraxılışında görüblər. Buna kimi isə yazıları imzasız gedirmiş.

 

Elnur Əşrəfoğlu "525" məktəbi keçdiyi üçün özünü şanslı sayır: "525" mənim jurnalistikaya gəlişimə səbəb oldu. Burada böyük bir məktəb keçdim. "525"də 1993-cü ilin payızına kimi işlədim. Qısa müddət "7 gün" və "Azərbaycan" qəzetləri ilə əməkdaşlıq etdikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan Televiziyasına işə düzəldim. 1994-cü ildə sonradan xeyli populyarlıq qazanan "Sport daycest" müəllif verilişimi hazırlamağa başladım. Burada "525"də öyrəndiklərim karıma gəldi".

 

Azərbaycan Televiziyasında daha da tanınan Elnur Əşrəfoğlu müxtəlif vaxtlarda Az.TV-nin "Xəbərlər" Baş Redaksiyasında böyük redaktor, İdman Proqramları Baş Redaksiyasında baş redaktor vəzifələrində çalışıb. Həmçinin, 2000-ci ildə Milli Olimpiya Komitəsinin üzvü, "Neftçi" futbol klubunun sözçüsü və prezidentinin müşaviri vəzifələrini icra edib. 2015-ci ildən Cüdo Federasiyasında baş katibin müavini təyin olunan həmkarım karyerasında qazandığı bu uğurların özülünün "525"də qoyulduğunu deyir.  

 

"Rəşad Məcidə zəng etdim, sorğu-sualsız məni işə götürdü" 

 

Mahir Rüstəmli: ““Futbol+”in 20 illiyi, həm də müstəqil idman ...

 

Mahir Rüstəmli: ““Futbol+”in 20 illiyi, həm də müstəqil idman ...

 

Hazırda ölkənin ən populyar idman qəzeti olan "Futbol+"in baş redaktoru Mahir Rüstəmlinin də yolu "525"dən keçib. Mahir Elnurdan fərqli olaraq "525"ə kimi bir neçə qəzetin əməkdaşı olub. Bura gələndə isə cəmi 20 yaşı var idi: "İlk yazım o dövrün tanınan qəzetlərindən "Millət"də - 1994-cü il martın 26-da dərc olunub. 1-ci kursda oxuyurdum, yaza bilib-bilmədiyimi müəyyənləşdirmək mənim üçün vacib idi. Nazir Əhmədli yazıya qəzetdə yer, mənə isə inam verdi. Amma "Millət"də işləməmişəm. "525"ə kimi "Müxalifət", "Şərq", "Çağ", "Zaman", "Press-fakt" qəzetlərində çalışmışam. Təvazökarlıqdan bir qədər uzaq çıxsa da, indi Çexiyada olan Natiq Zeynalovla birgə işimizin nəticəsi - MaNat imzası artıq tanınırdı, məşhur "Siyasət salatı" rubrikamız var idi, qəzetin reportyorluq yükü əsasən bizim çiynimizə düşürdü. 1997-nin aprel və ya may ayı idi "Press-fakt"dan yaradıcılığa qətiyyən dəxli olmayan səbəbdən ayrılandan sonra iş yeri axtarırdım. Yəqin "Azadlıq" və "Yeni Müsavat" kimi qəzetlərdə də işləyə bilərdim. Ancaq ilk yadıma düşən "Press-fakt" kimi müstəqil imicli "525" oldu. Rəşad müəllimə zəng etdim, sağ olsun, sorğu-sualsız məni işə götürdü. Tezliklə "əsas heyətə düşdüm", normal maaş-qonorar alırdım, tədricən "ağır" yazılar da tapşırırdılar. Paytaxtın Bakıdan başqa yerə köçürülməsi ilə bağlı yazını indi də xatırlayıram".

 

Mahir Rüstəmlini "525"də ən çox valeh edən maraqlı və unikal mühitin olması idi. Bu mühit Mahirə özünəinam və bu günə qədər də davam edən münasibətlər bəxş edib: "Yusif Rzayev, Yaşar Əliyev kimi redaktorlar, müxbirlər, texniki işçilər, mənim kimi debütantı hələm-hələm qəbul etməyən yığıcı xanımlar... Kəsəsi, elə mühit var idi ki, adam istər-istəməz öyrənməliydi. 20 yaşlı bir gənc görüb-götürmək üçün nəyə ehtiyac duyursa, "525" onu verirdi".

 

Mahir "525"də az işləsə də, qəzetin adı çəkiləndə yadına saysız-hesabsız xatirələr düşür - sevimli şairimiz Ramiz Rövşənin də qatıldığı iclaslar, doğum günü məclisləri, birgə naharlar, futbol mübahisələri, Sevda Sultanovanın az qala, hər kəsə söz atması, hər yazını bəyənməməsi, "Kəpəz"in "Dinaburq"la avrokubok oyununu izləmək üçün birgə Gəncəyə getməyimiz... Redaksiyada daha çox Altay Əliyev, Kamran Həsənov, qrup yoldaşları Sevda və Nailə ilə yaxınlıq etdiyini söyləyən M.Rüstəmlinin "525"dən ayrılmasına bu gün ölkədə ən populyar idman nəşri olan "Futbol+" səbəb olub: "Bir gün məndə ayrıca idman qəzeti nəşr etmək ideyası yarandı və beləcə qısa müddət çalışıb, çox şey öyrəndiyim qəzetdən ayrılmaq məcburiyyətində qaldım. Buna baxmayaraq, "525"də öyrəndiklərim sonradan baş redaktor kimi köməyimə gəldi".

 

"Sanki bir ailə idik"

 

İlkin Fikrətoğludan günlərlə danışılacaq yeni

 

İlkin Fikrətoğludan günlərlə danışılacaq yeni

 

Daha bir tanınmış idman jurnalisti, ATV telekanalından məşhurlaşan İlkin Fikrətoğlu da bir vaxtlar "525"də işləyənlərdəndir. İlkin jurnalistikaya 1999-cu ilin martında "Futbol+"da başlayıb. Düz 2 il sonra isə futbol dilində desək, "525"ə "transfer" olunub: "Gözlənilməz təklif həmkarım Aydın Bağırovdan gəldi. "525"də idmana daha çox yer ayrılması planlaşdırılırdı və əlavə işçi qüvvəsinə ehtiyac var idi. "Futbol+"dan ayrılmaq çətin olsa da, ilk vaxtlar paralel olaraq "525"də işləməyə razı oldum. 3-4 aydın sonra isə tam olaraq "525"keçdim".

 

İlkin "525"də 2 ildən bir qədər çox işləyib və həmin illəri qazanc hesab edir. Ölkənin sayılıb-seçilən qəzetlərinin birində, mehriban kollektivdə işləməyin heç də hamıya qismət olmadığını söyləyən İ.Fikrətoğlu hələ orta məktəbdə oxuyarkən "525"i izlədiyini, qəzetə simpatiyasının olduğunu deyir: "Kollektivdə peşəkar, öz işini dərindən bilən insanlardan qurulmuşdu. Burada rəhmətlik Adil Qaçayoğlundan, Yusif Rzayevdən, Yaşar Əliyevdən çox şey öyrəndim, bir jurnalist kimi püxtələşdim. "525" nisbətən yaşlı jurnalistlərlə gənclərin vəhdətini təşkil edirdi. Redaktorlardan tutmuş yığıcılara kimi hamı öz işinin ustası idi. Peşəkarlıq bir yana, həm də əməşdaşların insani keyfiyyətləri qısa zamanda məni bu kollektivi sevməyə "məcbur etdi". "525"də darıxmaq mümkün deyildi. Kollektivə qısa zamanda uyğunlaşdım. Mənim kimi bir çox gənclərin təkcə jurnalist kimi deyil, həm də bir şəxsiyyət kimi formalaşmasında yaratdığı şəraitə, dəstəyə görə Rəşad Məcidə minnətdarlığımı bildirirəm".

 

İlkin Fikrətoğlu məşhurlaşdığı ATV telekanalına 2002-ci ildə keçib. Onun televiziyaya getməsində məhz "525" tramplin rolunu oynayıb: "O vaxt ATV kanalında "Xəbərlər"ə jurnalist seçimi aparılırdı. Düzü, bu barədə hansısa məlumat verilməmişdi. Əgər "Futbol+"də qalsaydım, bundan xəbər tutmayacaqdım. "525"də olduğum üçün bəxtim gətirdi və Kamran Həsənli bu barədə məni məlumatlandırdı. Aydının mənəvi dəstəyi ilə seçimlərə getdim. Seçimlərə "Xəbərlər"in baş redaktoru Rüstəm Əbülfətoğlu və keçmiş "525"çi Altay Əliyevin köməkliyi ilə ATV-ə işə qəbul olundum. Buna baxmayaraq, qəzetlə əlaqəmi kəsmədim və 2003-cü ilə kimi əməkdaşlığımı davam etdirdim".

 

İlqar TAĞIYEV / "525-ci qəzet"

Xəbər xətti