"Qapıda Stanek olmasaydı, “Viktoriya” Bakıda 100 faiz məğlub olacaqdı" - MÜSAHİBƏ

Bronislav Çervenka Azərbaycan Premyer Liqasında ən uzun müddət oynamış çexiyalı legionerdi. O, 5 il formasını geyindiyi “İnter”də (indiki “Şamaxı”) kapitan sarğısını da daşıyıb. Sportal.az saytına müsahibə verən Çervenka Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” görüşünü dəyərləndirib. Hazırda ölkəsində “Hanaçka Slaviya” klubunu çalışdıran mütəxəssis cavab qarşılaşması öncəsi şansların bərabər olduğunu bildirib.

- “Qarabağ” – “Viktoriya” görüşü gözlədiyin məcrada keçdi, yoxsa fərqli futbol olacağını ehtimal edirdin?
- Əslində, gözlədiyim futbolu gördüm. “Viktoriya” çox yaxşı müdafiə olundu, blokları çox yaxşı etdi. “Qarabağ”ın futbolçularının nəyə qadir olduğunu artıq hamı bilir. O cür cəld, sürətli və texnikalı futbolçulara qarşı “Viktoriya”nın açıq futbol oynaması mümkün deyildi. Onlar müdafiə futbolu oynadığı halda belə, “Qarabağ” bir neçə qol şansı yaratdı. Doğrudu, “Viktoriya”nın da təhlükəli epizodları var idi. Sadəcə olaraq, son nöqtəni qoyacaq futbolçu tapılmadı. Elə buna görə də matç 0:0 hesablı bərabərliklə sona çatdı.

- “Viktoriya” ilk dəqiqədən son saniyəyə kimi ancaq müdafiə olundu. Səncə, bu, “Qarabağ”a qarşı ən uğurlu seçim idi?
- Bəli, razıyam, “Viktoriya” oyunboyu müdafiə olundu. Onlar “Qarabağ”ın gücünü, hücum potensialını çox yaxşı bilirdilər. Belə olan halda, rəqibinə qarşı açıq futbol oynaması mümkün deyildi. “Viktoriya” hər zaman səfərdə bu cür səliqəli müdafiə olunur. Düzünü deyim, “Viktoriya”nın “Qarabağ”a qarşı fərqli futbol oynayacağını da gözləmirdim. Yəni, onlar “Qarabağ”a qarşı açıq futbol oynamayacaqdılar. Çünki “Qarabağ” kimi komanda ilə açıq futbol oynamaq çox ağırdı. “Viktoriya”nın bəlli oyun taktikası var idi və qapıda da çox yaxşı qolkiper dayanmışdı.

- Səncə, hesab ədalətli idi?
- Futbolda nə vaxt hər şey ədalətli olurki? (gülür). Epizodlarla götürsək, bəlkə də “Qarabağ” minimal hesabla qalib gəlməyə layiq idi. "Viktoriya"nın qolkiperi dünən çox yaxşı idi. “Qarabağ”ın “Viktoriya”nı məğlub etmək istəyi alınmadı. Plzendə necə olacağını isə hamımız görəcəyik.

- Demək olar ki, matçın adamı elə İndrij Stanek oldu?
- Əlbəttə demək olar. Stanek çox yaxşı qolkiperdi. O, oyundan-oyuna səviyyəsini artırır və Çexiya millisinin də əsas qolkiperi olmaq yolunda əmin addımlarla irəliləyir. Həqiqətən əla qolkiperdi, çox yaxşı gələcəyi var. Özünə gələcəkdə uğurlu karyera da qurmaq imkanına sahibdi. Məncə, dünənki oyunda qapıda Stanek olmasaydı, “Viktoriya” Bakıda 100 faiz məğlub olacaqdı. 

- “Viktoriya” mərhələ keçmək istəyirsə, hər halda bir az hücum etməyi də düşünməlidi. Yoxsa, onlar Plzendə də Bakıdakı futbolun eynisini nümayiş etdirəcək deyə, düşünürsən?
- Qarşıda hələ 90, bəlkə də 120 dəqiqə qalıb. “Viktoriya” evdə oynayır və azarkeşlərin dəstəyi güclü olacaq. Mən deyərdim ki, bəlkə də Bakıdakından da çox azarkeş oldu. Çünki stadion əladı, qapalıdı və azarkeşlər daim komandanı irəli səsləyir. “Viktoriya”nın evdə oynamasına baxmayaraq, “Qarabağ” kimi texnikalı və sürətli futbolçuları olan komandaya qarşı açılmaq olmaz. “Viktoriya” evdə də səliqəli müdafiə olunub, əks-hücumlara üstünlük verəcək. Özü də standart vəziyyətdən də yaxşı istifadə edə bilirlər. Ümid edək ki, hər iki tərəfin ifasında yaxşı oyun görəcəyik. Fikrimcə, “Viktoriya” oyun stilini dəyişməyəcək.

- Şanslar eynidi?
- Məncə, elədir. “Qarabağ” səfərdə də uğurlu oyun oynaya bilir. Bu mövsüm elə, “Sürix”i səfərdə keçiblər, “Ferentsvaroş”a Macarıstanda da qalib gəliblər. Plzendə də asan oyun olmayacaq. Çünki “Viktoriya” evdə çox güclüdü. Azarkeşlər də komandanı qələbəyə səsləyəcək. İstənilən halda şanslar bərabərdi. “Viktoriya” evdə oynayır, “Qarabağ” isə güclü komandadı. Vacib olan “Viktoriya”nın qapıçısı və müdafiə xəttinin özünü necə göstərməsidi. Bəlkə də oyun yenə heç-heçə bitdi. Detallar çox önəmli olacaq. Ümidvaram ki, çox yaxşı oyun alınacaq. Ən güclü olan qalib gəlsin.


Mirbağırağa


 

Tarix: 18 Avqust [18:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2022
26  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio