Millinin baş məşqçisi: "Onun "Qarabağ"la matçda oynamasına təəccübləndim"

18:26 - 27 Mart 2023

"Qalatasaray"ın müdafiəçisi Abdulkerim Bardakçı şiddətli baş ağrıları səbəbindən Türkiyə millisinin heyətindən kənarlaşdırılmışdı. Lakin 28 yaşlı futbolçu dünən "Qarabağ"la baş tutan yoldaşlıq oyununun ikinci hissəsində meydana çıxdı.

Sportal.az xəbər verir ki, Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts Avro-2024-ün seçmə mərhələsinin Xorvatiya ilə matçından öncə keçirilən mətbuat konfransında bu məsələ ilə bağlı açıqlama verib. Almaniyalı mütəxəssis Abdulkerimin "Qarabağ"la qarşılaşmada meydana çıxmasına təəccübləndiyini deyib:

"Abdulkerim millinin toplanışı zamanı 4 günün 3-nü xəstəxanda keçirdi. Nevrologiya şöbəsinin həkimi bizə hesabat göndərdi və dedi ki, futbolçuya istirahət və iki həftəlik müalicə lazımdır. Belə hesabatlarda həkimlərə güvənməlisiniz. Oyunçumuzu riskə ata bilmərik. Bunun əsasında qərar verdik. Dünən onun "Qarabağ"la matçda oynamasına təəccübləndim. Əgər müalicəsi yaxşı gedirsə və oynaya biləcək vəziyyətdədirsə, millinin düşərgəsinə gəlməyi daha məntiqli olardı".

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" qarşılaşması İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti