Azərbaycan millisinin sabiq müdafiəçisi Zaur Həşimov Sportal.az saytına açıqlama verib.
O, yığma komandamızdan bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiyaya qarşı matçda gözləntilərini bölüşüb:
"Düzdür, İslandiyaya səfərdə 5:0 uduzmuşduq. Amma 2 gündən sonra Bakıda Ukrayna millisindən bir xal almağı bacarmışdıq. Burada əsas amil kimi məşqçi dəyişikliyini qeyd edərdim. Düşünürəm ki, Bakıda İslandiya millisinə qarşı səfərdən fərqli olaraq, qələbə əzmi ilə mübarizə aparan milli görəcəyik. Şahruddin Məhəmmədəliyev, Mahir Emreli, eləcə də xəstələnərək millinin düşərgəsini tərk edən Elvin Cəfərquliyevin yoxluğu itkidir. Bir tərəfdən də onları əvəzləyəcək futbolçular üçün şansdır. Onlar özlərini ən yaxşı tərəfdən göstərməyə çalışmalıdırlar".
Həşimovun fikrincə, AFFA Ayxan Abbasova etimad göstərməyə davam etməlidir: "Ayxan Abbasov komandaya istək və aqressivlik aşılaya bilib. Hər 3 oyunda bunu komandanın oyununda görə bildik. Kifayət qədər dəyişiklik etmək üçün də vaxta ehtiyacı var. Abbasovun millidəki gələcəyi haqqında heç bir məlumatım yoxdur. Əlbəttə istəyərdim ki, AFFA ona olan etimadını davam etdirsin. Hazırda bizi İslandiya və Fransa ilə ağır oyunlar gözləyir. Çox istəyərdim ki, millimiz uzun müddətdən sonra nəhayət ki, qələbə qazansın. Millimizə bu oyunlarda uğurlar arzu edirəm".
Mirbağırağa
