"Futbolçular cərimələnəcək, birbaşa klub prezidentinin göstərişidir" - Andrey Demçenko

21:49 - 8 Mart 2026

"Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Çox yaxşı oynadılar, layiqli qalibiyyət əldə etdilər. Hər bir komanda rəqibin ona verdiyi imkanlar qədər oynayır. Futbolçularım "Qarabağ"a imkan verdilər ki, onlar meydanda hər şeyi etsinlər. Bu oyunda fikrimiz başqa idi. "Qarabağ"a daha çox pressinq edib, futbolçulara yaxın oynayıb, onları topsuz saxlamaq istəyirdik. Pressinq komanda oyunudur. Hansısa oyunçu pressinq etməyəndə, bütün kollektivə təsir edir. Buraxdığımız ilk qol bizə çox təsir etdi. Qapıçımız səhv etdi, penaltidən əvvəl qapıçımız önə çıxaraq topu götürməli idi. Belə hal baş verirsə, rəqibə daha çox özgüvən verirsiz və nəticə də belə olur. Bu cür oyuna görə azarkeşlərimizdən üzr istəyirəm. Onlar bugünkü məyusluğa layiq deyildilər. Futbolda 11 nəfər yox, bütün komanda oynayır. Bu gün oyunda bizdə 2 qrup var idi, bir qrup oyunu istəyirdi, digəri istəmirdi. Məğlubiyyətə görə səbəbkar təkcə oyunçular deyil. Məşqçilər korpusunun da səhvi var".

Sportal.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 23-cü turunun "Qarabağ"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da dəyərləndirib.

- Komandanın hədəfi avrokuboklardır. "Karvan-Yevlax" və "Şamaxı" ilə oyunlar olacaq. Demək olar ki, bu matçlar həlledici olacaq?

Bu cür məğlubiyyətdən sonra bərpa olmaq çətindir. Amma çalışacağıq ki, bərpa olaq və növbəti oyunlara hazırlaşaq.

- Düşünmürsüz ki, ən böyük səhviniz "Qarabağ"a qarşı topla oynamaq istəyi idi?

"Qarabağ" kimi ÇL-də oynayan komandaya qarşı asan deyil. Matçdan əvvəl də bəzi futbolçularda narahatlıq var idi. Sanki çəkinirlər. Bu da futbolçulara doğru qərar verməyə çətinlik törədir.

- Dediniz ki, bəzi oyunçular sanki oynamaq istəmirdi. Həmin futbolçularla bağlı ölçü götürəcəksiz? Pul cəriməsi tətbiq etmək, ya əvəzedici heyətə göndərmək fikriniz var?

Komandanı bir yerə yığıb, səhvləri axtaracağıq. Bu cür təsiredici məğlubiyyətdən sonra futbolçular cərimələnəcək. Bu, birbaşa klub prezidentinin göstərişidir.

- "Araz-Naxçıvan" Naxçıvanı təmsil etsə də, ev oyunlarını Bakıda keçirir. Bu məqam komandanın hədəflərə çatmasına nə dərəcədə təsir edir? 

Harada oynamağınızın o qədər də fərqi yoxdur. Aydın məsələdir ki, biz Naxçıvanı təmsil edirik. Amma çox komanda var ki, Bakıda məskunlaşır, burada da məşq edib və oynayırlar. Futbolçu və məşqçi üçün hansı stadionda oynamağınızın fərqi yoxdur. Çünki həm ev, həm də səfər görüşünə çıxırsan. Bu sualı başa düşürəm, biz Naxçıvan komandasıyıq. Mən gələndə də vəziyyət belə idi.

Mirbağırağa

Xəbər xətti