Azərbaycanda yaradılan ilk qadın motosiklet klubu 2020-ci ildə təsis edilib.
Sportal.az PhotoStock.az-a istinadən xəbər verir ki, klubun təsisçisi və prezidenti Evelin Mustafa Abbasova Azərbaycanda sertifikat almış ilk qadın motosiklet təlimçisidir.
Bu məkan yalnız motosiklet sürməyi sevən qadınların bir araya gəldiyi yer deyil. Klubun əsas məqsədi qadınları birləşdirmək, onlara motosikleti düzgün və təhlükəsizlik qaydalarına əməl etməklə idarə etməyi öyrətməkdir. Üzvlərin fikrincə, motosiklet sadəcə nəqliyyat vasitəsi deyil, həm də azadlığın və gücün rəmzidir.
Bu azadlıq hissi zamanla onların həyat tərzinə çevrilib. Lakin hər zaman təhlükəsizlik qaydalarına ciddi əməl olunur. Kluba qoşulmaq üçün məhdudiyyət yoxdur. 18 yaşdan yuxarı hər bir qadın motosiklet sürməyi öyrənə və klubun sıralarına qoşula bilər.
Evelin Mustafa Abbasova motosiklet sürməyi sürücünün eyni anda yol şəraitini, sürəti və vəziyyəti qiymətləndirdiyi mürəkkəb bir proses kimi izah edir. Onun sözlərinə görə, hər dönüş və hər manevr sürücünü həm fiziki, həm də zehni baxımdan daha güclü edir.
Klubun təhlükəsizlik üzrə rəhbəri Natəvan Xanməmmədli isə artıq 22 ildir motosiklet sürür. O bildirir ki, hər axşam şəhərin sıxlığından uzaqlaşaraq evə qayıtmaq və həmin anın sakitliyini, stresdən uzaq olma hissini yaşamaq həm insanın özünə, həm də ətrafındakılara ilham verir.
Təcrübəli motosikletçinin sözlərinə görə, kluba qoşulan hər kəs burada qala bilmir, çünki bu hobbi məsuliyyət və güclü iradə tələb edir.
Motoklubun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səbinə Məmmədli vurğulayır ki, son illərdə motosiklet sürən qadınlara münasibətdə müsbət dəyişiklik müşahidə olunur.
Onun sözlərinə görə, Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) dəstəyi ilə klub həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə uğurlar qazanır. Ötən il klubun Türkiyədə nümayəndəliyi fəaliyyətə başlayıb, yaxın zamanda Gürcüstanda da nümayəndəliyin açılması planlaşdırılır.
Klub üzvləri bildirirlər ki, bu motoklub həm qadınların ümid yeri, həm də özünü ifadə etməkdə çətinlik çəkənlər üçün yeni imkanlar yaradan bir platformadır.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə klub üzvləri Azərbaycan qadınlarına istədikləri həyatı yaşamağı, hər addımda öz güc və iradələrinə inanaraq qarşılarına çıxan çətinlikləri dəf etməyi arzulayırlar.
Motosikletçi qadınlar Evelin Mustafa Abbasova və Natəvan Xanməmmədli ilə bağlı fotoreportajı təqdim edirik.
saytlarin hazirlanmasi
