Millimiz yoxlama oyununda Maltaya məğlub oldu. Açığı, qələbə qazansaydıq, sevinməyəcəkdim. Ona görə məğlubiyyətə görə də üzülmürəm. Adı üstündədir - yoxlama oyunu. Udsan nə olacaq, uduzsan nə...
Yığmamızın baş məşqçisi Ayxan Abbasovu belə bir matçda məğlubiyyətə görə mühakimə etmək düşüncəsindən çox uzağam. Lakin qarşıdan gələn Millətlər Liqası ərəfəsində bəzi nüanslara toxunmaq, mülahizə etmək mütləqdir.
Dünya səviyyəli futbolçumuz heç vaxt olmayıb. Lakin həmişə ümid verən oyunçularımıza baxıb yaxşı olacağına inandırmışıq özümüzü. Əksəriyyətində geriləmə olsa da, Millətlər Liqasında Litva və Lixtenşteynə qarşı oyunlara qədər özlərinə gəlib milliyə kömək edəcəklərinə ümid edə bilərik.
Lakin Malta ilə oyun bir daha göstərdi ki, yaxın zamanlarda həlli real görünməyən ciddi sıxıntımız var. Bu, müdafiənin mərkəzi ilə bağlıdır. Millinin yükünü qaldıracaq stoperlərimiz yoxdur. Ayxan Abbasovun üç mərkəz müdafiəçili sistemə üstünlük verdiyini nəzərə alsaq, Millətlər Liqası üçün 4-5 stoperə ehtiyac var. Amma hardadır o 4-5 nəfər...
Bədavi Hüseynov yaşlanıb, Elvin Bədəlov milli səviyyəsində oynamağa çətinlik çəkir, Krivotsyuku qovdular getdi. O səviyyə üçün az-çox ümidimiz Bəhlul Mustafazadəyədir. O da zədədən qayıdıb özünə gələnə kimi Millətlər Liqası başa çatacaq.
Bu problemləri biz bilirik, görürük, amma uğursuz nəticələrdən boğaza yığılan ictimaiyyət daha heç bir səbəb eşitmək istəmir. Hamı Millətlər Liqasında yığmamızın Litva və Lixtenşteyni qabaqlamasını gözləyir.
Ayxan Abbasovun bundan sonra dörd müdafəçi ilə oyun sisteminə keçməsi nətər olar, o da bir başqa müəmmadır. Uzun illərdir beşli müdafiə sistemini mənimsəyib, təkmilləşdirib. Yeri gəlmişkən, ölkəmizdə bu sistemi ən yaxşı tətbiq etməyi bacaran mütəxəssis məhz Ayxan Abbasovdur. Lakin klubda mövqe üzrə axsaqlığı legioner hesabına aradan qaldırmaq mümkündür, millidə isə seçim məhduddur.
Hər halda qarşıda hələ vaxt var. Ayxan Abbasov əlində olan minimum imkanlarla qarşısına qoyulan tapşırıqları yerinə yetirməyi bacaran mütəxəssis kimi tanınıb. Bu dəfə də nəsə düşünməsi lazımdır.
Fikrət
saytlarin hazirlanmasi
