"Əlbəttə ki, milli komandamızın Malta ilə görüşdə qalib gəlməsini istəyirdim. Çünki qələbə hər zaman xoşdur. Amma etiraf edək ki, Malta kifayət qədər yaxşı oynadı, etibarlı müdafiə olundular".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının veteran futbolçusu Deni Qaysumov deyib.
1993-1998-ci illərdə yığma komandamızın heyətində 25 oyun keçirmiş Qaysumov Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin oyununu bəyəndiyini deyib: “Təbii ki, məğlubiyyət üzücüdür. Amma düzünü deyim, ümimilikdə milli komandamızın son vaxtlardakı oyununu bəyənirəm. Məhz buna görə də komandamızdan uğurlu nəticə gözləyirəm. Qarşıda San Marino ilə görüş var. Bu oyunda da millinin qələbəsini istəyirəm və gözləyirəm. Üstəlik, rəqib San Marino yığmasıdır”.
“Terek”in(indiki “Axmat”) kapitanı kimi 2003/2004 mövsümündə Rusiya kubokunun sahibi olmuş veteran müdafiəçi Abdulla Xaybullayevlə Anton Krivotsyukun Malta ilə yoxlama görüşünün gedişində yaşadıqları mübahisədən sonra millinin düşərgəsindən qovulmasına da münasibət bildirib:
“Bu məsələləri baş məşqçi daha yaxşı bilir. Çünki öz kollektivi barədə yetərincə məlumata sahibdir. Amma etiraf edək ki, futbolçular arasında mübahisələr həmişə olub və olacaq. Əsas odur ki, bu, komandanın performansına və nəticələrinə təsir etməsin. Düşünürəm ki, həmin futbolçuları yenidən milliyə geri qaytarmaq lazımdır. Lakin bunu ən yaxşı millimizin baş məşqçisi Ayxan Abbasov bilir. Qərarı verən də odur, hörmətlə yanaşmaq lazımdır”.
Mirbağırağa
