"Əminəm ki, "Qarabağ" mərhələni adlaya biləcək" - braziliyalı futbolçu

11:59 - 9 Avqust 2026

"Qarabağ"ın sabiq hücumçusu Danilo Dias "AzeriSport"un suallarını cavablandırıb.

Sportal.az braziliyalı futbolçunun müsahibəsini diqqətinizə çatdırır:

- "Qarabağ" avrokubok mövsümünə yaxşı başladı, hər iki matçda İslandiyanın "Vestri" komandasını məğlub etdi. Ancaq bundan sonra komanda qələbə qazana bilmir...

- Bəli, mən "Vestri" ilə matçları izlədim. "Qarabağ" çox yaxşı futbol nümayiş etdirdi. Digər matçlarda, o cümlədən CSKA ilə oyunlarda da "Qarabağ" yaxşı görünürdü. Sadəcə, təəssüf ki, qələbə qazanmaq nəsib olmadı. Amma komandanın oyunu heç yerə getməyib.

- Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Bolqarıstan ÇSKA-sına məğlub olması sizin üçün gözlənilməz oldu?

- İndi futbol elədir ki, hər kəs oynaya bilir. CSKA da yaxşı komandadır. "Qarabağ" onlara qarşı yaxşı oynadı, üstünlüyə malik idi, dominantlıq edirdi. Sadəcə, imkanlarını reallaşdıra bilmədi. Biz "Qarabağ"ın CSKA-nı keçəcəyini gözləyirdik.

- Necə düşünürsünüz, "atlılar"a CSKA-nı keçməyə nə mane oldu?

- İlk növbədə, realizasiya çatmadı. Əgər "Qarabağ" imkanlarından istifadə etsəydi, hər şey fərqli ola bilərdi. Yeri gəlmişkən, CSKA artıq öz növbəti rəqibini də məğlub edib.

- "Qarabağ" Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında Ukrayna "Dinamo"suna uduzub (0:1)...

- Bəli, təəssüf ki. "Dinamo" böyük tarixə malik klubdur. Lakin bu oyunda da "Qarabağ" üstünlük təşkil edir, imkanlar yaradırdı. Sadəcə, yenə də onları reallaşdıra bilmədi. Bundan başqa, komanda müdafiədə bəzi səhvlərə yol verdi.

- "Qarabağ" Bakıda "Dinamo"nu məğlub edə biləcək?

- Mən "Qarabağ"a inanıram. Əminəm ki, komanda ilk oyunda buraxılan səhvləri düzəldəcək, daha yaxşı, inamlı və etibarlı oynayacaq və mərhələni adlaya biləcək. Komandanın heyətində çoxlu dəyişikliklər baş verib. Bunu da nəzərə almaq lazımdır. Adaptasiya üçün vaxt lazımdır.

Xəbər xətti