"Mən soyuq Sibirdən çıxmış, bütün ömrü boyu Çempionlar Liqasını arzulayan bir insanam" - Aleksey İsayev

17:55 - 29 Avqust 2026

“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev Rusiyanın "Championat" nəşrinə müsahibə verib.

Sportal.az 30 yaşlı futbolçunun fikirlərini diqqətiinizə çatdırır:

​- “Sabah”ın “Hapoel”lə oyunu dəlilik idi?

- Çılğın oyun idi. Matçın gedişində 0:1 və 1:2 hesabı ilə geridə idik. “Hapoel” yaxşı komandadır, son üç ildə ikinci dəfə pley-offda iştirak edirdi. Onların təcrübəsi daha çoxdur. Onlar da bizi təhlil etmişdilər. Biz riskli, hücum futbolu oynamağı xoşlayırıq. Bir növ bunun əvəzini də ödədik. Amma qorxulu deyil. Çenki işi sona qədər çatdırdıq. Bilmirəm niyə, amma mən meydana əvəzetmədən daxil olarkən hər şeyin yaxşı olacağına əmin idim. Uşaqların hər birinə və komandaya inanırdım. Onları məğlub edəcəyimizə dair heç bir şübhə yox idi.

​- Amma etiraf et ki, ikinci qolu çox kuryoz şəkildə buraxdınız...

- Matçdan sonra bu barədə zarafat edirdik. Mənim üçün Stas Pokatilov Qazaxıstan futbolunun əfsanəsidir. O, bizim uğurumuza böyük töhfə verib. Belə məqamlar bəzən anlaşılmazlıq ucbatından baş verir. Lepinitsa ilə Stas bir-birlərini başa düşmədilər və qəribə qol alındı. Birinci qol qaçılmaz idi. Bizim üslubumuz risklə bağlıdır. Məşqlərdə daha çox işləmək, keyfiyyəti artırmaq lazımdır. Bu, normaldır. Komanda işi elə ondan ibarətdir ki, tərəfdaşının səhvini birlikdə düzəldəsən. Futbolun gözəlliyi də bundadır.

​- Dramatikliyinə görə karyeranızın ən çılğın matçıdır?

– Hələlik, bəli. Dördüncü əlavə olunmuş dəqiqədə qol vuranda hər şey sanki ləngidilmiş rejimdə baş verirdi. Hətta videoda da görünür. Dəli kimi qaçıb sevinmirəm. Uşaqlar qaçdılar, mən isə sanki donmuşdum. Oyaq olarkən gördüyüm hansısa yuxu idi. Bu qol bizə əlavə güc verdi. Əlavə olunmuş vaxtda standart vəziyyətdən ötürmə edərkən mənə uzaqdan elə gəldi ki, Orfe Mbina topu kənara vurdu. Baxıram ki, hamı qaçır, mən isə nə baş verdiyini anlamıram. Cəmi 15 dəqiqə ərzində gözlərimin önündə dünya iki dəfə dayandı. Yalan danışmıram. Final fitindən sonra isə rahatlıq, göz yaşları... Özümə söz vermişdim ki, Çempionlar Liqasında olacağam. İki il buna doğru irəlilədim. Və budur, mən ordayam!

​- Sən həm də qolöncəsi hücumda iştirak etdin...

- Bəli, ikinci hissədə də Orfeyə ötürmə verdim, o da topu Özbəkistandan olan Umarəli Rəhmonəliyevə ötürdü. Ən sonda isə Mikkelsə ötürmə verdim və o, vəziyyətin öhdəsindən gəldi. Müasir futbolda bunu da assist kimi qeydə alırlar. İki qol ötürməsi və bir qolöncəsi ötürmə alındı. Uşaqlar zarafat edirlər, deyirlər ki, “əgər xokkeyçi olsaydın, NHL-də oynayardın”. Hücumlar qurmağı sevirəm, bu, ürəyimcədir, ona görə də qolöncəsi ötürmələri çox verirəm.

​- Pley-offa qədər seçmə mərhələnin bütün yeddi oyununa ilk dəqiqələrdən başlamışdın. Niyə "Hapoel"lə cavab görüşündə əvəzetmədən meydana daxil oldun?

- Oyundan əvvəl baş məşqçi mənə yaxınlaşıb dedi ki, onlar bizi hərtərəfli təhlil ediblər. Onları yormaq üçün startda sürətli, qaçan oyunçuları buraxacağıq, sənin mənə ikinci yarıda, “Hapoel” yorulub ayaq üstə dayana bilməyəndə ehtiyacım olacaq. Məşqçinin qərarını lazım olduğu kimi qəbul etdim və sonda bu, özünü doğrultdu. Uşaqlar onları həqiqətən də yordular. Biz Xasavyurtdan olan dağlı dostum Abdulla Xaybulayevlə meydana çıxanda dərhal hiss etdik ki, onlar bizə sürətdə uduzurlar. Abdulla onların oyunçusuna ikinci sarı vərəqə qazandırdı, mən isə ötürmə etdim və biz qol vurduq.

​- Məşqçi planı işlədi?

- 100faiz! Taktiki gediş bizim xeyrimizə oldu.

​- Azarkeşlər matçın sonunda başlarını itirmişdilər?

- Elə bir uğultu var idi ki... Tellur Mütəllimov iki oyunun cəmində hesabı bərabərləşdirəndə tribunada inanılmaz bir şey baş verirdi. Ölkədə hər kəs bir anın içində “Sabah” azarkeşinə çevrildi (gülür).

​- Bəs matçdan sonra nə baş verirdi?

- Soyunub-geyinmə otağında rus, fransız dillərində müxtəlif mahnılar səslənirdi. Bayram edirdik, oxuyur, rəqs edirdik. Mən “Ruki Vverx!” qrupunu qoşdum. Krasnoyarskdakı uşaqlığımdan qalma mahnıdır. Hətta bir kəlmə də bilməyən fransız uşaqlarımız da oxudular.

​- Azərbaycanda böyük qələbələrdən sonra ikiqat, üçqat mükafat tələb etmək qəbul olunub?

- Qəbul olunub, lakin biz bunu hələ müzakirə də etməmişik. Dünən, düzünü desəm, o vaxt deyildi. Sadəcə dincəlir və sevinirdik. Klubumuzun gələn il cəmi 10 yaşı tamam olacaq, amma biz artıq belə bir zirvəyə qalxmışıq! Mükafatlar məsələsinə, düşünürəm ki, daha sonra qayıdacağıq.

​- Gecə necə keçdi?

- Yuxusuz. Adrenalin aşıb-daşırdı, həm də ayaqlar sızıldayırdı. Axı artıq 20 yaşımda deyiləm. Bütün ailə yatırdı, mən isə icmala baxır, xəbərlər oxuyurdum. Telefon əlimdəcə saat 8:30 radələrində yuxuya getmişəm. Amma cəmi üç saat sonra uşaqlar oyatdılar.

​- Neçə övladın var?

- Hələlik ikidir. Qızımın 6 yaşı var, oğlumun 5. Dekabrda üçüncü övladı gözləyirik.

- Tarixi yenidən yazdığınıza dair hiss yarandı?

- Daha çox “Sabah”ın tarixini yazdıq. Hər klubun özünəməxsus tarixi var. Hər şey nağıldakı kimi alındı. Ağır bud-çanaq oynağı zədəsindən sonra “Sabah”a qayıtdım və biz çempionatla kuboku qazandıq. Çempionlar Liqasından əvvəl də bizə heç kim inanmırdı. Deyirdilər ki, elə ilk mərhələdəcə - maksimum ikincidə dayanacağıq. Amma biz əksini sübut etdik. Finlandiya, Danimarka, indi də İsrail çempionlarını mübarizədən kənarlaşdırdıq.

​- Rusiyadan səni təbrik edənlər oldu?

- Murad Musayev, Andrey Lunyov təbrik etdi. “Zenit”də Andrey ilə yollarımız ayrı düşmüşdü, amma “Qarabağ”da keçirdiyim yarım ildə yaxın dost olmuşuq. Murad Musayev qrup mərhələsində uğurlar arzuladı və bütün tanışlara salam dedi. Musayevi “Sabah”da hamı sevir və qiymətləndirir. Mən də bir oyunçu və insan kimi formalaşmağıma verdiyi töhfəyə görə ona bir daha təşəkkür etdim.

​- “Qarabağ”dan kimsə təbrik etdi?

- Əlbəttə. Yaxşı dostlarım Şahrudin Məhəmmədəliyev, Bədavi Hüseynov və Mateus təbrik etdilər. İndi “Axmat”da çıxış edən Romau yazmışdı. Azərbaycan millisinin baş məşqçisi zəng etdi. Hörmət etdiyin və dəyərləndirdiyin insanların təbrik etməsi xoşdur.

​- Braziliyalı müdafiəçi Noqeyra yəqin ki, indi “Rostov”a keçdiyinə görə peşmandır?

- Peşman olub-olmadığını bilmirəm. Amma bizonun üçün darıxmışıq. İqor yaxşı futbolçu və insandır. Belə uşaqlar klubdan gedəndə bir qədər heyifsislənirsən. Hamı başa düşür ki, Rusiya Premyer Liqasında maliyyə şərtləri Azərbaycan çempionatından bir qədər yaxşıdır.

​- Siz “Qarabağ”ın ötən ildəki uğurlu uğurunu tamamilə təkrar etdiniz...

- Belə də demək olar. İki il ardıcıl olaraq Azərbaycan klubları Çempionlar Liqasının əsas mərhələsinə yüksəlirlər.

- Bir il əvvəl "Qarabağ"la Çempionlar Liqasına vəsiqə qazansan da, oradan ayrıldın. “Qarabağ”a qarşı incikliyin var idi?

- Daha çox qəzəb var, bunu nə üçün gizlədim? Axı xatırlayırsınız, o zaman demişdim ki, bərpa olunub Çempionlar Liqasında Sibiri və Azərbaycanı təmsil edəcəyəm. Təəssüf ki, “Qarabağ” məni heyətə daxil etmədi. Həmin vaxt yenidən “Sabah”a keçdimi. Amma indi artıq bütün neqativləri geridə qoymuşam. “Qarabağ”da xeyli dost-yoldaşım qalıb. Onlara necə azarkeşlik etməyəsən? Onlar da mənim üçün narahat olur və Avropadakı uğurlarımıza sevinirlər. Hətta “Qarabağ” ilə “Sabah” arasındakı oyunlardan sonra da sabiq komanda yoldaşlarımın isti münasibətini hiss etmişəm. Düşünürəm ki, onlar mənim üçün bir qədər darıxırlar (gülür).

​- “Qarabağ” “Benfika” və “Kopenhagen”ə qalib gələndə, “Çelsi”dən xal alanda ikili hissələr keçirmirdin?

- Artıq hər şeyi sakit qəbul edirdim. Özümlə məşğul olmalı idim. Ümumiyyətlə, mənə heç kim bərpa olunacağıma dair zəmanət verməmişdi. Deyirdilər ki, belə zədələrdən sonra qayıtmaq olmur. Amma mən dayanmaq fikrində deyildim.

​- Və “mən də orada olmalı idim” düşüncələri başından keçmirdi?

- Artıq belə şeylər yox idi. Amma çempionatda “Qarabağ”la matça xüsusi köklənmə var idi. Hər şeydən əvvəl özümə sübut etmək istəyirdim ki, mən bu səviyyəyə layiqəm.

​- “Sabah”a qayıdanda Çempionlar Liqası arzusu ilə vidalaşmışdın?

- Vidalaşdım deməzdim. Daha çox bu haqda düşünmürdüm. Hər halda, “Sabah” heç vaxt çempion olmamışdı. Dostum və menecerim Gvanzav Məmmədov dedi ki, görəcəksən, hər şey alınacaq və istədiyin kimi olacaq. İnanmırdım, amma Gvanz haqlı çıxdı. Biz çempion olduq və kuboku qazandıq. Çempionlar Liqasını da o bizə qabaqcadan proqnozlaşdırmışdı.

​- Bəlkə də, “Sabah”a elə məhz sən çatmırdın?

- Əksinə, mən məhz bu uşaqlar sayəsində çiçəkləndim. Xüsusi olaraq “Sabah” futbol klubunun rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, mənə doğmaları kimi yanaşır və həmişə kömək edirlər. Ən çətin anlarda klubun prezidenti Maqsud Adıgözəlov həmişə yanımda olub. O, artıq mənə ikinci ata kimidir. Hər şeyə görə ona həmişə minnətdar olacağam. Allah ona cansağlığı və uzun ömür nəsib etsin.

​- “Sabah” “qızıl dubl” etməyi necə bacardı?

- İnadkar, uzlaşdırılmış işlə, mehriban kollektivlə, hücumyönümlü futbol üslubumuzla. Bizim bütün xətlərdə ixtisaslı, keyfiyyətli icraçılarımız var.

- “Sabah”da 36 oyunda 3+14 (qol+məhsuldar ötürmə) etmisən, halbuki “Qarabağ”da cəmi bir qol vurmuşdun. Bunu nə ilə izah edərsən?

- Mən elə oyunçuyam ki, azadlığı sevirəm. Məni çərçivələrə salanda xoşlamıram. Bu azadlığı hiss edəndə tamamilə başqa cür oynayıram. Yaradıcılıq ürəyimcədir. Sevimli mövqeyim “on nömrə” ilə “səkkiz nömrə” arasında bir yerdir. “Qarabağ”da xüsusi sistem var. Ehtimal ki, mən ona uyğun gəlmədim. “Sabah”a isə evimə gələn kimi gəldim və hər şey asta-asta qaydasına düşdü.

​- Oxumuşam ki, Valdas Dambrauskas çox qeyri-adi məşqçidir...

- Çox güclü məşqçidir. O, hər gün yeni bir şey öyrənməyə çalışır. Onun yanaşması və futbol baxışı, detallara və oyunçulara diqqəti xoşuma gəlir. Onun öz üslubu var. Dambrauskas rəqibi təhlil edir, lakin həmişə digər komandanın xüsusiyyətlərinə kiçik düzəlişlər etməklə öz futbolunu oynamağa çalışır. Valdas məşqçi üçün hələ nisbətən cavandır (49 yaş – red.), və düşünürəm ki, onu böyük gələcək gözləyir.

​- Siz hansı dildə ünsiyyət qurursunuz?

- Rus və ya ingilis dilində. O, hər iki dildə yaxşı danışır.

​- Bəs “Qarabağ”ın baş məşqçisi ilə bir daha əlaqəniz olmadı?

- Ötən il “Qarabağ”la oyundan əvvəl başıma bədbəxt hadisə gəlmişdi, bacım rəhmətə getdi. Onkoloji xəstəlikdən... Dəfn üçün Krasnoyarka uçdum və iki gün hazırlığı buraxdım. Oyuna qayıtdım, lakin ehtiyat oyunçular skamyasında qaldım. Matçdan əvvəl otaqda görüşdük. Qurban Qurbanov yaxınlaşıb dedi ki, Aleksey, başsağlığımı qəbul et. Allah rəhmət eləsin. Bu insana yalnız hörmətim var.

​- Doğma bacın idi?

- Bəli, böyük bacım. Svetlana ağır xəstə idi. İki il kömək etməyə çalışdım, lakin təəssüf ki, bacarmadım. Bu qələbəni və Çempionlar Liqasına vəsiqə qazanmağımızı ona həsr etmək istəyirəm. Əslində, məni futbola o gətirmişdi. Dekabr ayında, 30 dərəcə şaxtada Krasnoyarskın idman zalına aparırdı. Anamız bizi dolandırmaq üçün bütün ömrü boyu işləyib, məni də daha çox bacım böyütdü. İndi anam nəvələrini böyüdür, mən də əlimdən gəldiyi qədər kömək edirəm.

​- Bir il əvvəl demişdin ki, məqsədlərimə və arzularıma doğru hələ yeni irəliləyirəm. Astaca, asta-asta, amma mütləq çatacağam. Budurmu həmin məqam?

- Bəli. Mən soyuq Sibirdən çıxmış, bütün ömrü boyu Çempionlar Liqasını arzulayan bir insanam. Arzumun gerçəkləşdiyinə hələ də tam inana bilmirəm.

​- 30 yaşında Avropaya transfer olmağı arzulamaq bir az gec deyil?

- Əlbəttə, bu da bir arzudur, lakin mən realist baxmağa çalışıram. 30 yaş, pasport avropalı deyil, məni kim alacaq?

​- Azərbaycan pasportu ilə, yəqin ki, bu gün Rusiyaya nisbətən Avropaya getmək yenə də daha asandır.

- Yəqin ki, haqlısınız. Lakin bunun üçün milli komandada da yaxşı çıxış etmək lazımdır.

Xəbər xətti