"Fasilədə qərara aldıq ki, ev oyununda uduzmağa haqqımız yoxdu”

02:55 - 16 Oktyabr 2013

Rəşad Sadıqov:"Biz bu nəticə ilə Rusiya mətbuatına da cavab vermiş olduq"
 
 
Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Rusiya ilə ev oyunundan danışıb.
 
Sportal.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında öncə bunları dilə gətirib:

“Matçın startında biz 5-10 dəqiqə öz futbolumuzu sərgiləyə bildik. Amma rəqib üstünlüyünü əldən vermədi. Biz belə erkən qol buraxacağımızı gözləmirdik. Ondan sonra rəqib topa nəzarəti əlində saxlamağa çalışdı. Fasilədə öz oyunumuzu bir daha müzakirə etdik və qərara aldıq ki, ev oyununda uduzmağa haqqımız yoxdu”.
 
Sadıqov etiraf edib ki, rəqib bu oyunda komandamızdan daha yaxşı təsir bağışlayıb: “Bizim oyunumuz sadəcə, getmirdi. Etiraf etmək lazımdı ki, buna əsas səbəb rəqibin bizə oynamağa imkan verməməsi idi. Rusiya hazırda çox güclüdü. Onların elə Portuqaliyanı qabaqlaması çox şeydən xəbər verir”.
 
Millinin kapitanı Cavadovun vurduğu qoldan da danışıb: "Biz qol vurmaq üçün standart vəziyyətləri gözləyirdik. Şadıq ki, məhz belə bir vəziyyətdən qol vurmağa nail olduq".

Sadıqov oyundan sonra Rusiya yığmasında çıxış edən Azərbaycan əsilli futbolçu Aleksandr Səmədovla görüşüb söhbətləşməsinə də münüasibət bildirib: “Oyundan sonra o, özü mənə yaxınlaşdı. Mən onunla aqressiv danışmaq istəmirdim. Sadəcə, ondan soruşdum ki, niyə elə açıqlamalar vermisən. Mən ona başa saldım ki, “nakazat” bizdə tamamilə başqa mənada başa düşülür. Azərbaycanlı kimi, o da bu sözün mənasını başa düşməliydi. O, məni başa düşdü”.
 
Sonda yığmamızın lideri bunları dilə gətirdi: "Biz bu nəticə ilə Rusiya mətbuatına da cavab vermiş olduq. Bu qrupda cəmi üç oyunda uduzduq. Baxmayaraq ki, həmin oyunlarda da əlimizdən gələni etmişdik. Fikrimcə, yığmamız bu qrupda heç də pis oyun sərgiləmədi. Daha çox xal toplaya bilərdik. Məsələn, ən azı Lüksemburqu evdə yenməyə borclu idik. Mənə elə gəlir ki, növbəti tsikldə daha çox xal toplayacağıq”.

Xəbər xətti