Rövnəq Abdullayevin oğlu "Səbail"dən getdi

Bu gün Bayıl stadionunda "Səbail"in Müşahidə Şurasının iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, Müşahidə Şurasının sədri Rəşad Abdullayev çıxış edərək "Səbail"in I Divizionda çıxışının ilk ilindəcə 2-ci yeri tutmasını qənaətbəxş nəticə hesab etdiyini bildirib. 

 

O, əldə olunan nailiyyətdə klubun məşqçi, futbolçu və inzibati heyətinin, həmçinin Müşahidə Şurası üzvlərinin bu uğurda pay sahibi olduğunu deyib, hər birinə təşəkkür edib. R.Abdullayev qeyd edib ki, klubun icraçı direktoru Yusif Həsənov şəxsi işləri ilə əlaqədar klubdakı fəaliyyətinə son qoymaq istəyi ilə bağlı Müşahidə Şurasına müraciət edib. Y.Həsənovun xahişi müsbət dəyərləndirilib. "Səbail"in inkişafı naminə görülən işlərlə əlaqədar Yusif Həsənova təşəkkürünü bildirən Rəşad Abdullayev onu xüsusi diplomla təltif edib. Y.Həsənov mövsüm ərzində klubda görülən işlər barədə qısa məlumat verib və hər bir əməkdaşa minnətdarlığını bildirib.

 

Daha sonra R.Abdullayev qeyd edib ki, Müşahidə Şurasının qərarına əsasən, "Səbail"in icraçı direktoru vəzifəsinə bu günə qədər şuranın üzvü kimi fəaliyyət göstərmiş Ramin Həsənov təyin olunub. R.Həsənov göstərilən etimadı doğrultmağa çalışacağını deyib.

 

R.Abdullayev "Səbail"in Müşahidə Şurasının sədri kimi fəaliyyətini başa vurduğunu açıqlayıb və kluba gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Şuranın üzvü, futbol veteran Əbdülqəni Nurməmmədov çıxış edərək R.Abdullayevə fəaliyyət göstərdiyi müddətdə klubun inkişafı üçün gördüyü işlərə görə təşəkkürünü bildirib.

 

Sonda Rəşad Abdullayevə "Səbail"in fəxri üzvü elan olunması ilə bağlı diplom təqdim olunub.

 

"Səbail"in Müşahidə Şurasının yeni sədrinin və şuranın tərkibinin müəyyənləşməsi məsələsinə qarşıdakı günlərdə aydınlıq gələcək.

Tarix: 3 May [21:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2017
21  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio