Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Sportal.az saytına müsahibə verib.
- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə çempionatları tarixində 205-ci qələbəsini qazanaraq, sizin rekordunuzu uzun müddət sonra qırdı və ən çox qalib gələn məşqçi oldu. Bu barədə fikirləriniz necədi?
- Təbrik edirəm. Bu, baş verməli idi. Çox şadam ki, rekorda yerli məşqçi imza atdı. Ona uğurlar arzulayıram və təbrik edirəm.
- Çempionatla bağlı danışaq. Kənardan necə mənzərə görünür?
- Son oyunları izləmişəm. Çempionatdı da, nə deyək? Kənardan 8 komandalı çempionat yaxşı görünmür. Keyfiyyət yoxdu. Ola bilər ki, 12-14 komanda olsun. Amma keyfiyyət çatışmır. Oyunlar gərgin keçməli, klublar yaxşı futbolçulara sahib olmalıdı, azarkeşlər də tribunalara gəlməlidi. Əgər azarkeşlər stadionlara gəlirsə, deməli, normaldı. Yox əgər gəlmirlərsə, deməli, problem var.
- Çempionluq yolunda "Qarabağ"la hansı komanda rəqabət apara bilər?
- Bu, futboldu, hər şey baş verə bilər. Amma görünən odur ki, "Qarabağ" hamıdan üstündü.
- "Qarabağ"ın Avropa Liqasında "Arsenal"la oyunda şanslarını necə dəyərləndirirsiniz?
- "Qarabağ" Azərbaycan çempionatında oynayır. Yerli çempionatda da gərginlik yoxdur. Futbolçularda istənilən motivasiya olmur. Oyunçular Avropa Liqasına və Premyer Liqa oyunlarına fərqli motivasiya ilə hazırlaşırlar. Bizdə çempionatda elə gərginlik olmalıdır ki, futbolçular beynəlxalq arenada çətinlik çəkməsinlər. Avropa səhnəsi tam fərqli atmosferdi. "Qarabağ" öz oyununu oynasa, müsbət nəticə ola bilər.
saytlarin hazirlanmasi