Rüfət Dadaşova ehtiyac var?

11:36 - 3 Oktyabr 2018

Millətlər Liqasının ilk iki oyunundan sonra yığmamızda hücum xəttində problemlərin olduğu göründü. Hücum xəttinin istənilən səviyyədə olmaması yığmamızın Kosovo və Malta ilə matçlarda xallar itirməsinin səbəblərindən biri oldu. Təbii ki, bu vəziyyət məşqçilər korpusunu da razı sala bilməzdi. Hücum xətti üçün isə əldə alternativ variant çox azdı.

 

Ramil Şeydayevin yeni klubu "Krılya Sovetov"da da işləri qaydasında getmir, ehtiyat oyunçular skamyasının daimi sakini olub.

 

Türkiyə I Liqa təmsilçisi "Gənclərbirliyi"ndə çıxış edən milliləşən Dəniz Yılmaz cari mövsüm 4 oyun (136 dəqiqə) meydana çıxıb.

 

"Qəbələ"ni "Səbail"ə dəyişən Ruslan Qurbanovun performansında gerilmə davam edir. Qurbanov paytaxt klubunda da özünü göstərə bilmir.

 

Albaniyanın "Kukesi" klubundan ayrıldıqdan sonra "Qəbələ"yə üz tutan Rauf Əliyev də formasını tam bərpa etməyib.

 

"Sumqayıt"da parlaq oyun nümayiş etdirən Amil Yunanov isə yeni klubu "Keşlə"yə tam uyğunlaşmayıb.

 

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasovun milliyə dəvət alacağını gözləmək olar. "Ağ-qara" formanı geyən forvard mövsüm ərzində 2 dəfə fərqlənməyi bacarıb.

 

Alternativlər arasında digər ad isə Almaniya III Bundesliqasında çıxış edən "Proysen"in hücumçusu Rüfət Dadaşovdu. 27 yaşlı hücumçu ötən mövsüm Regional Liqasında "Dinamo"nun şərəfini qoruyurdu. Həvəskardan peşəkar səviyyəyə qayıdan Rüfət cari mövsüm çempionatda 10 oyuna 6 qol vurub (629 dəqiqə). Onun çıxışı millimizin digər hücumçuları ilə müqayisədə daha yaxşı görünür.

 

Millinin irəli xəttdə dişsiz olmasına görə, Rüfətə hazırda ehtiyac var. Qurban Qurbanovun gəlişindən sonra rəsmi və yoldaşlıq görüşlərdə yığmamızın vurduğu 8 qolun heç birini hücumçular vurmayıb. Bu amil də Rüfət Dadaşova şans verilməsinin vacibliyini göstərir. Formada olan Dadaşovun qayıdışı millinin hücum xəttində rəqabətə yaxşı təsir edə bilər.

 

Rüfət milliyə ilk dəfə 2013-cü ildə dəvət alıb. O, Robert Prosineçkinin dönəmində yığmada oynamayıb. Bakıda doğulan, Almaniyada yetişən forvard millimizdə 16 oyuna 4 qol vurub.

Xəbər xətti