"Evening Standard" nəşrində çalışan ingilis jurnalist Ceyms Olley Avropa Liqasının qrup mərhələsinin II turunda baş tutan "Qarabağ" - "Arsenal" oyununu işıqlandırmaq üçün Bakıya gələn jurnalistlər arasında olub. O, paytaxtda üzləşdiyi problemi öz sosial şəbəkə hesabında paylaşıb.
Sportal.az xəbər verir ki, Olley Bakı metrosunda basabas zamanı şəkil çəkib və öz hesabında paylaşmaq istəsə də, polis buna imkan verməyib. Zorla ingilis jurnalistin əlindən telefonu alan polis əməkdaşı şəkili silib və ona sərt şəkildə xəbərdarlıq edib. Qorxulu anlar yaşayan Olley metrodakı xaosu sözlərlə ifadə edib:
"Bakı Olimpiya Stadionu. Metrodakı xaosu (şiddət yox idi) paylaşacaqdım, lakin polis əməkdaşı telefonu əlimdən alıb şəkili sildi. May ayında keçiriləcək finala təşkilatçılıq işləri görülməlidir".
Qeyd edək ki, oyunda "Arsenal" 3-0 hesabı ilə qalib gəlib.