“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının X turunda “Səbail”lə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Abasov öncə oyunla bağlı danışıb:
- Belə oyundan sonra danışmaq çox çətindir. Futbolçuların oyundan sonrakı üzüntüsü mənə də keçdi. Son 3 turda yaxşı oyun sərgiləyirik, ancaq qələbə qazana bilmirik. Oyun planımızda artım olması mənə əlavə motivasiya verir. Mən heç vaxt heç-heçə üçün oynamamışam. Hər zaman qələbə, sürətli oyun barədə düşünürük. Ən azından azarkeşlərə yaxşı futbol sərgiləmək istəyirik. Bu gün meydanda yeganə komanda “Zirə” idi. Gələcək oyunlara hazırlaşmalıyıq.
- Cəmi bir əvəzetmə etdiniz. Bunun səbəbi nə idi?
- Meydanda olan futbolçulardan razı idim. Dilan Duventrunun tempdən düşdüyünü görüb, əvəzetmə etdim. Futbolçular qələbəyə köklənmişdilər, ona görə risk etmək istəmədim.
- Komanda oynayır, ancaq futbolçuların fərdi ustalığı kifayət etmir. Qışı səbirsizliklə gözləyirsiniz?
- Mən sizinlə razılaşmaya bilmərəm. Əlimdə olan futbolçularla qışa və ya yaya qədər işləməliyəm. Güclənməyə ehtiyacımız var. Xüsusən də hücum xəttində.
saytlarin hazirlanmasi