Didərginlər üz-üzə, çempionun debütantla sınağı

11:11 - 23 Noyabr 2018

Milli komandaların oyunları ilə bağlı Topaz Premyer Liqasında fasilə yaranmışdı. Artıq sabah çempionatda 12-ci tura start veriləcək.

 

Turun ilk oyununda “Səbail” “Bayıl Arena”da lider “Neftçi”ni qəbul edəcək. Ötən tur “Sabah”ı darmadağın edən “Səbail” ilk üçlükdə özünə yer edib. “Dənizçilər” mövqeyini qorumaq və daha da yaxşılaşdırmaq üçün lideri büdrətməyə çalışacaq. Aftandil Hacıyevin yetirmələri üçün “taxt” sahibindən bir xal almaq da qənimət sayılmalıdı.

 

 

“Neftçi” isə ən yaxın izləyicisi “Qarabağ”ı 3 xal qabaqlayır. Ötən tur “Zirə” ilə oyunda büdrəyən “ağ-qaralar” bu səbəbdən xal itirməməyə çalışacaq. “Səbail”in turnir cədvəlindəki mövqeyini və xal fərqinin 6 olduğunu nəzərə alsaq, Roberto Bordinin yetirmələrinin çətin sınaq qarşısında olduğunu deyə bilərik.

 

via GIPHY

 

 

“Səbail” - “Neftçi” – 5 oyun, +1=0-4, top fərqi 2-13
Son 4 oyunda “Neftçi” qalib gəlib. “Səbail”in ev matçlarında qol vuran komanda qalib gəlir.


Günün digər qarşılaşmasında isə “Zirə” “Dalğa Arena”da “Sumqayıt”ı qəbul edəcək. Bu mövsüm hər iki komanda stadion baxımından problemlər yaşayır. Ev oyununu hər dəfə bir stadionda keçirən didərgin komandalara bu amil də ciddi təsir edir. Nəzərə alaq ki, Zirə və Sumqayıtda matçlarda stadionalara azarkeşlər gəlirdi. “Sumqayıt” Ayxan Abbasovun rəhbərliyi altında ilk rəsmi oyununu keçirəcək. Abbasovun debütü mövsümün əvvəlində ayrıldığı komandasına qarşı oyuna təsadüf edəcək. Samir Abasovun “Sumqayıt”a, Ayxan Abbasovun isə “Zirə”yə qarşı rəqib olması qarşılaşmaya marağı bir qədər də artıtır.

 

via GIPHY

 

 

Son turların uğursuz komandası olan “Sumqayıt” avrokuboklar zonasından uzaqlaşmamaq üçün bu qarşılaşmada 3 xala ümid edir. Turnir cədvəlinin zirzəmisindən xilas ola bilməyən “Zirə” isə yalnız qələbəni düşünür. Qələbə “qartallar”ın vəziyyətini yaxşılaşdıra bilər.

 

 

“Zirə” - “Sumqayıt” – 13 oyun, +6=3-4, top fərqi 15-11
“Sumqayıt” 6 oyundur meydanı qolsuz tərk etmir. “Zirə” son 4 matçda yalnız 1 qələbə qazanıb.


Turun ikinci oyun günündə isə son turda “Sumqayıt”ı darmadağın edən “Keşlə” evdə “Qarabağ”a məğlub olan “Qəbələ”ni qəbul edəcək. Tərlan Əhmədovun gəlişindən sonra canlanan “Keşlə” bu dəfə də iddialıdı. Son pillədə qərarlaşan “Zirə”nin nəfəsini eşidən “Keşlə” irəli getmək və xal fərqini artırmaq üçün bölgə klubunu məğlub etməyə çalışacaq. “Ağ-qırmızılar” qələbə sayəsində “Qəbələ” ilə xalları bərabərləşdirə biləcəklər. Meydan sahibləri iki yerli oyunçunun xidmətindən məhrum olub. Kapitan Kamran Ağayevlə əsas heyət üzvü Azər Salahlı zədə səbəbindən görüşü buraxmalı olacaqlar. Bu isə Tərlan Əhmədovu narahat etməyə bilməz.

 

via GIPHY

 

Qonaqlar isə cari mövsümü qeyri-stabil davam etdirirlər. Sənan Qurbanovun yetirmələri liderlərdən xeyli uzaq düşüb. Ancaq komanda uğurlu qrafik cızsa, bir neçə tura xal fərqini “əritmək” mümkün olar. Bunun üçün də “qırmızı qaralar” paytaxtı fəth etməyə borcludu.

 

 

“Keşlə” - “Qəbələ” – 41 oyun, +14=16-11, top fərqi 52-41
Son üç oyunda eyni – 1:1 hesablı heç-heçə qeydə alınıb. “Qəbələ” 8 oyundur meydanı qolsuz tərk etmir. “Keşlə” 12 matçdır qalib gələ bilmir.

 

Tura isə “Qarabağ” “Sabah” matçı ilə yekun vurulacaq. Son çempionla debütantın duelinin maraqlı keçəcəyini proqnozlaşdırmaq olar. Bu komandaların ilk duelində “Sabah” rəqibinə başağrı ola bilmişdi. Debüt mövsümündə rəğbət qazanmağı bacaran “Sabah” üçün bir xal da qənimət sayılır. Lider “Neftçi”ni qarabaqara izləyən “Qarabağ” isə yalnız qələbəyə ümid edir.

 

via GIPHY

 

 

“Qarabağ” - “Sabah” – 1 oyun, +1=0-0, top fərqi 2-0
Rəqiblər arasındakı yeganə matçda Ağdam klubu quru hesabla qalib gəlib. Komandalar ilk dəfə “Qarabağ”ın meydanında qarşılaşır.

 

Mehman

Xəbər xətti