Topaz Premyer Liqasının 12-ci turunda "Qəbələ" səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, oyundan sonra "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Cavid Hüseynov jurnalistlərə müsahibə verib. Kapitan öncə qələbəni şərh edib:
- Oyunun ilk 20-25 dəqiqəsi istədiyimiz kimi alınırdı. Rəqibi düzgün analiz etmişdik. Ssenari arzu etdiyimiz kimi getsə də, ikinci hissə də axar dəyişdi. Özümüzə narahatlıq yaratdıq. Amma əsas nətiə idi və bunu da nail olduq.
- “Keşlə” buraxdığı qollardan sonra üstün oynadı. Hesab sizi rahatlaşdırmışdı?
- Başqa oyunlarda da belə olur. İlk hissəni üstün tamamlayan komanda fasilədən sonra hesabı qorumağa çalışır. Biz də buna nail olduq. Futbolda belə hal normaldı.
- Erkən qollar paytaxtı fəth etməyinizə kömək oldu?
- Elədi. Ancaq rəqib qol vuran kimi üstünlüyü ələ aldı. Əgər “Keşlə” daha bir qol da vursaydı, artıq kimi bilir, nələr baş verəcəkdi.
- İkinci hissənin sonlarında bir neçə real qol şansından yararlana bilmədiniz. Həmin anda düşünmürdünüz ki, bunlar komandaya baha başa gələ bilər?
- Sözün düzü, həmin anda nəsə düşünmədim, ağlıma heç nə gəlmirdi. Həmin zərbədən sonra sevinməyə gedirdim. Qol sevincini yaşamaq istəyirdim ki, top dirəyə dəyib üstümə qayıtdı.
- Təmkin Xəlilzadəyə epizodların birində dedin ki, bunu ikinci dəfə edirsən, təkrarlama. Nə baş verirdi?
- Rəqib səni sıxırsa, məcbursan ki, vəziyyətdən çıxasan. Topu itirəndə isə rəqib əks-hücuma keçir. Komanda yoldaşımdı, iradımı normal qarşılayır.
- “Qəbələ” bir tur qalib gəlir, növbəti oyunda uduzur. Komanda stabil çıxış etmir. Qələbələri sıralamaq üçün nə çatmır?
- Onu deyə bilmərəm. Heyətimiz yaxşıdı. Stabil olmadığımızı mən də bilirəm. Heç bilmirəm ki, növbəti turda başımza nə gələcək. Çalışacağıq ki, yaxşı olsun.
- “Neftçi” və “Qarabağ”dan “Qəbələ” xeyli geri qalıb. Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?
- Onsuz da çempionluğa oynamırıq. İlk 3 pillədən birini tutub avrokuboklara getmək istəyirik.
- Davamlı olaraq milliyə dəvət alan futbolçusan. Farer adaları və Kosovo ilə oyunlar üçün yığmaya dəvət almadın. Səbəbi nə ola bilər?
- Baş məşqçinin qərarıdı. Heç bir məlumatım yoxdu. Səbəbini mənə demədilər.
- “Kosovo faciə”sini izlədin?
- Mən də oxuyuram, izləyirəm. İlk dəqiqədə buraxılan qol nəticəyə təsir elədi. Bu qol bizi "yıxdı". Qol buraxmasaydıq, bilməzdik, nələr olacaqdı. Onlara heç-heçə də sərf edirdi. Erkən qol Kosovonu rahatlaşdırdı.
- Millidə Qurban Qurbanova “torba” əməliyyatı olduğuna dair məlumatlar günü-gündən "alovlanır". Bu barədə sizin fikirləriniz necədir?
- İnanmıram ki, belə şeylər yaşansın.
saytlarin hazirlanmasi