Topaz Premyer Liqasının 12-ci turunda debütant "Sabah" səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların kapitanı Cavid İmamverdiyev jurnalistlərə müsahibə verib. 28 yaşlı yarımmüdafiəçi öncə oyunla bağlı danışıb:
- Gərgin oyun keçdi. Düşünürəm ki, qalib də gələ bilərdik. Ancaq üstünlüyü əldən verdik. “Qarabağ” kimi komandaya qarşı oyunda 1:1 hesablı nəticə bizim üçün yaxşı məticədi. Bizim məqsədimiz Premyer Liqada qalmaqdı. “Neftçi” ilə oyuna yaxşı hazırlaşcağıq və qələbə üçün meydana çıxacağıq.
- “Sabah” ikinci hissədə müdafiə olunurdu. Nə üçün qalib gələ biləcəyinizi də düşünürsən?
- Ən azından qol buraxmasaydıq, qalib gələ bilərdik. Bu baxımdan deyirdim.
- “Sabah”ın iki xal itirdiyini düşünürsən?
- Elə fikirləşmirəm. “Qarabağ” kimi komanda ilə oyunda belə nəticə yaxşıdı.
- Növbəti turda lider “Neftçi”ni qəbul edəcəksiniz. Oyunla bağlı fikirlərin necədir?
- Nə olursa, olsun, əlimizdən gələni edəcəyik ki, “Neftçi” üzərində qələbə qazanaq. Komandama inanıram. Bunu bacara bilərik.
- Marko Deviç də artıq geri dönür.
- Onun son durumundan xəbərim yoxdu. Deviçin hücum xəttində olması bizim üçün böyük üstünlük olacaq.
- Yığma komandamızın Millətlər Liqasındakı uğursuz çıxışı hamını məyus edib. Pavel Paşayevlə Dmitri Nazarovun zəif çıxışı və Kamran Ağayevin bilərəkdən Kosovoya getmək istəməməsi barədə iddialar çoxalıb. Sizin fikriniz necədir?
- Mən bu barədə danışmaq istəmirəm.
- Milli barədə danışmağa qadağa qoyulub?
- Xeyr, sadəcə, danışmaq istəmirəm. Xahiş edirəm, məni düzgün başa düşün. Bu xəbərlər nəinki mənə, bir çox adama pis təsir elədi.
saytlarin hazirlanmasi