Rəşad Sadıqov 100-ün bir addımlığında

02:43 - 28 Noyabr 2018

Avropa Liqasında qrup mərhələsinin V turunun “Qarabağ” – “Sportinq” (Portuqaliya) qarşılaşması Ağdam klubunun kapitanı Rəşad Sadıqov üçün əlamətdar olacaq. 

 

Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu meydana çıxsa, bu, onun avrokuboklardakı 100-cü oyunu kimi tarixə düşəcək.

 

İndiyədək qitəmiqyaslı yarışlarda 99 matç keçirən təcrübəli müdafiəçi azərbaycanlı futbolçular arasında rekordçudu. “Sportinq”ə qarşı görüşlə isə o, 100 və daha artıq oun keçirən ilk yerli oyunçu olacaq.

 

Sadıqov bu rəqəmə 3 klubda çatıb: “Neftçi”, “Kayserispor” və “Qarabağ”. 2001-ci ildə UEFA Kubokunda  “Neftçi”nin “HİT Qoritsa” ilə matçında debüt edən Rəşad “ağ-qaralar”ın heyətində ümumilikdə 18 görüş keçirib. Legioner kimi “Kayserispor”da 5 oyuna çıxan müdafiəçi “Qarabağ”da 76 dəfə oynamaq imkanı qazanıb.

 

Kapitan 99 görüşdə 7 dəfə fərqlənməyi bacarıb. Qollardan 2-i “Neftçi”də, 5-i isə “Qarabağ”da çıxış edərkən qeydə alınıb.

 

Rəşad Sadıqov 99 matçın 31-ni Çempionlar Liqasında, 58-ni UEFA Kuboku/Avropa Liqasında (6 qol), 10-nu İntertoto Kubokunda (1 qol) keçirib. O, həm də Avropa Liqasında ən çox oyun keçirən azərbaycanlı futbolçudu və bütün Avropa üzrə ilk “50-lik”dədi.

Xəbər xətti