Araz Abdullayev: “Qəbələ” ilə oyuna erkən final deməzdim”

00:04 - 21 Dekabr 2018

“Keşlə” öz meydanında çox yaxşı oynayır. Bilirdik ki, bizi çətin oyun gözləyir. Hesabda geri düşməyimizə baxmayaraq, motivasiyamızı itirmədik və ikinci hissədə qol vurduq. İstəyirdik ki, ilk qolu biz vuraq və ikinci hissədə daha rahat oynayaq. Hər bir halda, turu keçdiyimiz üçün sevincliyik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Araz Abdullayev Azərbaycan kubokunun 1/4 finalında "Keşlə" ilə cavab oyunundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib. Abdullayev yarımfinaldakı rəqibləri “Qəbələ” haqda danışıb. O, bu qarşılaşmanı erkən final adlandırmayıb: “Qəbələ” ilə oyuna erkən final deməzdim. Kubok oyunlarında komandalar daha fərqli oynayırlar. “Keşlə” ilə bugünkü ağır oyunumuz da buna misaldır. Yarımfinalda hər kəs var gücünü ortaya qoyub, finala çıxmaq istəyəcək. Biz də bunun üçün çalışacağıq”.

 

26 yaşlı yarımmüdafiəçi komandaya yeni qoşulan Reynaldonun transferi barədə fikirlərini bölüşüb: “Reynaldonun gəlişi komandamıza ancaq xeyir verə bilər. Onun necə çıxış edəcəyini zaman göstərəcək. İstəyərdim ki, daha yaxşı oynayıb, qollarını sıralasın. Yəni, komandamıza fayda versin. Biz hamımız komanda haqda fikirləşməliyik. Mən hər zaman istəyirəm ki, 1 dəqiqə də, 5 dəqiqə də oynasam, komandama xeyir verim. Yeni qoşulan futbolçuların da komandaya kömək edəcəyini düşünürəm”.

Xəbər xətti