Oktyabrın 24-ü Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – APOEL matçına UEFA slovakiyalı referi Filip Qlovanı təyin edib. Bu hakim isə ötən ilin martın 27-də keçirilmiş İrlandiya və Azərbaycanın 21 yaşadək millilərinin (U-21) matçında ədalət təmsilçisi olub. Onun idarə etdiyi matç 90+10-cu dəqiqəyədək uzanıb ki, nəticədə irlandlar 90+9-cu dəqiqədə qələbə qolunu vuraraq qalib gəliblər.
Sportal.az xəbər verir ki, həmin matçda U-21 millisinin baş məşqçisi olmuş “Qarabağ”ın kapitanı Rəşad Sadıqov həmin anı belə xatırlayır:
“Baş hakim oyuna dörd və ya beş dəqiqə əlavə etmişdi. Dörd dəqiqənin tamamına 20 saniyə qalmış Mahir Emreli başından zədələndi. Onun ayağa qalxması bir-iki dəqiqə çəkdi. Ona görə də hakim matçı daha çox oynatdı. Matçın başa çatmasına isə 20 saniyə qalmışdı. Topu biz onların qapıları istiqamətində uzaqlaşdırmışdıq, aut olmalı idi.
Oyun davam etdiriləndə iki dəfə topu cərimə meydançamızın daxilinə qaldırdılar, ikisində də uzaqlaşdırdıq. Üçüncü dəfə cərimə zərbəsi oldu. Cərimə zərbəsindən də, hətta qayıdan topdan da qol vura bilmədilər. Hakim isə matçı bitirmədi. Sonda irlandlar istəklərinə çatdılar.
Onda hakimə heç bir etiraz etmədik. Amma təbii ki, hakimin bu qədər oynatmasını normal qəbul etmədik. 20 saniyə əvəzinə matçı bu qədər oynatmamalı idi, bitirə bilərdi”.
Oktyabrın 24-də keçiriləcək “Qarabağ” – APOEL görüşündə Filip Qlovanın köməkçiləri Frantişek Ferents, Yan Pozor və Peter Zimba olacaq. (oxu.az)