UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Ferentsvaroş" ilə qarşılaşacaq "Qarabağ" sabah Macarıstana yollanacaq.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisini Budapeşt şəhərinə aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Sabah saat 18:40-da (Bakı vaxtı ilə 20:40) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Ferentsvaroş" stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
"Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 9-da Bakı vaxtı ilə 22:00-da baş tutacaq. İlk matç 1:1 hesabı ilə yekunlaşıb.
