“Liverpul”, “Nyukasl”, “Vest Hem” və digər klubların sabiq hücumçusu Endi Kerroll hesab edir ki, spirtli içkilərdən uzaq dursaydı, karyerasında daha böyük uğurlar qazana bilərdi.
Sportal.az xəbər verir ki, Kerroll “Owning It” adlı avtobioqrafiyasında maraqlı faktlara toxunub:
“Maaşım həftədə 2500 funta yüksələnə qədər kifayət qədər ağıllı və təmkinli davranırdım. Çox keçmədən barlarda, striptiz klublarında və kazinolarda vaxt keçirməyə başladım. Hamı bir qədəh içmək istəyirdisə, hamıya içki alırdım. Alkoqol məni aqressiv birinə çevirməsə də, tanınmış futbolçunun yerli əyləncə məkanlarında vaxt keçirməsi istər-istəməz problemlərə səbəb olurdu.
Karyeramın Harri Keynin karyerası kimi ola biləcəyini demirəm. Amma o, intizamlı həyat tərzi ilə nələrə nail olmağın mümkün olduğuna əla nümunədir. Spirtli içki qəbul etməmək, düzgün qidalanmaq, həftədə bir neçə saat idman zalında məşq etmək və lazımi şəkildə bərpa olunmaq.
Mən isə əksinə, adi həyat yaşamaq istəyirdim. Həftəsonları dostlarımla əylənmək, milli komandaların oyunları ilə əlaqədar fasilələr zamanı tətilə getmək, musiqi festivallarında iştirak etmək, bəzən içkini və kababı həddindən artıq qaçırmaq istəyirdim. Həm də səhvlər edib qəzetlərin manşetinə düşməmək istəyirdim. Deyə bilərsiniz ki, normal həyat yaşamaq istəyi uğurlu idmançı olmaqla bir araya sığmır. Amma ömrünün qalan hissəsini ‘kaş başqa cür düşünəydim’ deyə keçirməyin də mənası yoxdur. Əminəm ki, mən orta statistik futbolçudan daha çox əylənmişəm”.
saytlarin hazirlanmasi
