Qırğızıstandakı azərbaycanlı: "Ən güclüsü "Dordoy"dur, "Turan Tovuz" və "Sumqayıt" səviyyəsindədir"

21:35 - 24 İyun 2023

"Alqa"nın qapıçı məşqçisi məni çoxdan tanıyırdı. Bura da, məni o dəvət etdi. Hazırki komandamın da məşqçisidir. Danışdıq və razılaşdıq. Qırğızıstanda da işlərim yaxşı gedir. Hər şeydən razıyam".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Muras Yunayted"in qolkiperi Elməddin Məmmədov deyib. Qırğızıstanda legioner həyatı yaşayan 27 yaşlı qapıçı ölkənin ən güclü komandası olan "Dordoy"u Azərbaycan komandaları ilə müqayisə edib: "Komandamla noyabra qədər müqaviləm var. Əgər daha yaxşı təklif gələrsə, Azərbaycana və ya başqa ölkəyə gedə bilərəm. Ancaq Qırğızıstan çempionatı da yaxşıdır. Ən güclü komanda "Dordoy"dur.  Premyer Liqamızdakı "Turan Tovuz", "Sumqayıt" komandaları səviyyəsindədir. Yəni, zəif də deyillər, orta səviyyədədir".

Qırğızıstana yollanmamışdan qabaq birinci divizionda "Araz Naxçıvan"ın qapısını qorumuş Məmmədov Premyer Liqaya vəsiqə qazanmış sabiq komandası haqda da danışıb: "Araz Naxçıvan"a gəlməmişdən əvvəl 8 ay futbolsuz qalmışdım. Azər Bağırovla eyni gündəm gəlmişdim komandaya. Həmin vaxtı istədiyim formada deyildim. Azər Bağırov, Sakit Alıyevin üzərimdəki haqqı çoxdur, onların əməyi ödənilməz. Onlardan yalnız hörmət və yaxşılıq gördüm. Çempion olaraq Premyer Liqaya vəsiqə qazandıqları üçün çox sevindim. Mənim də, bunda az da olsa, payım olduğu üçün sevinirəm. "Araz Naxçıvan"a uğurlar arzulayıram".

Əlavə edək ki, Elməddin “Bakı”, “Zirə”, “Alqa”(Qırğızıstan), “Sabah”, “Tsxinvali”(Gürcüstan), Sent-Endryus”(Malta), “TC Sports Club”(Maldiv adaları) klublarında çıxış edib.

Mirbağırağa

Xəbər xətti