"İmişli"nin braziliyalı müdafiəçisi: "Premyer Liqada oynamaq üçün hər bir şəraitimiz var" - MÜSAHİBƏ

13:48 - 3 Mart 2025

Hazırda Azərbaycan Birinci Liqasında iddialı klublardan olan, Premyer Liqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparan “İmişli” turnir cədvəlində 2-ci pillədədir. Bölgə klubunun aparıcı üzvlərindən olan Dieqo Vaskes Rollo Sportal.az saytına müsahibə verib. Braziliyalı müdafiəçi komandasının Premyer Liqaya yüksəlmək şanslarından bəhs edib.

- Son turda "İmişli" "Qaradağ Lökbatan"a qalib gəlməyi bacardı. Matç sizin üçün necə alındı? Komanda turnir cədvəlində də 2-ci pilləyə yüksəldi....

- Fikrimcə, oyunda nəzarət bizim tərəfimizdə idi. Sona qədər də diqtə edən tərəf olduq. Daha fərqli hesabla qazanmağımız mümkün idi. Lakin bu, üç xalı əldə etməyimiz faktını dəyişmir. Bu, ən vacib məsələdir. Bu turdan sonra ikinci pilləyə yüksələ biləcəyimizi də yaxşı anlayırdıq. Bundan da məmnunuq. İndi niyyətimiz ikinci pillədəki mövqeyimizi qoruyub, liderliyə doğru irəliləməkdir. 

- Hazırda "İmişli" 2-ci pillədədir. Bu pillədə qalmağı bacaracaqsınız?

- Biz ikinci yerdən daha yüksək zirvələrə çatmaq üçün çox məşq edirik. Daha bir məqsədə nail olduğumuz üçün çox şadıq. Bəli, səviyyəmizi qorumaq üçün hər cür imkanımız var. Yaxşı komandaya sahibik.

- Azərbaycan Birinci Liqası haqda ümumi fikrin necədir? Əsas rəqibləriniz çoxdur, yoxsa, "Qəbələ" və "Karvan"ı qeyd edərdin?

- Birinci Liqa olduqca yaxşı çempionatdır. Bütün oyunlar çətin keçir. Hər oyunda detallar önəmli olur. “Qəbələ” və “Karvan” bizimlə birbaşa çempionluq uğrunda mübarizə aparan komandalardır. Amma mən onlara yeganə rəqib kimi yanaşmıram. Mən bütün rəqiblərə çətin komandalar kimi hörmət edirəm və yanaşıram. Matçlara belə hazırlaşıram.

- İmişlidə həyatın necə gedir? Orada ailənlə birlikdə yaşayırsan? 

- Bəli, İmişlidə yaşayıram. Ailəm isə Braziliyadadır. Gələcəklə bağlı planlarım var, amma hələlik təkəm. Şəhər kiçikdir və vaxt keçirmək üçün çox şey yoxdur. Amma bu şəhəri çox sevirəm. Burada çox dost qazanmışam, "İmişli" üçün oynamaq, sevdiyim işlə məşğul olmaqdan ötrü özümü xoşbəxt hiss edirəm.

- Ümumiyyətlə, Azərbaycana transferin, "İmişli"yə gəlişin necə baş tutub? 

- Agentimin Azərbaycanda oynayan oyunçuları var və mən Azərbaycan haqqında çox xoş sözlər eşitmişdim. Təklif gəldikdə, çağırışı şəxsi və peşəkar inkişaf yolu kimi qəbul etdim. Birinci liqada oynamaq və Allah qismət edərsə, Azərbaycan Premyer Liqasında çıxış etmək gələcək planın bir hissəsidir. 

- Səncə, yeni sezondan "İmişli" Premyer Liqada mübarizə aparacaq? İnfrastruktur baxımından səncə "İmişli" buna hazırdır? 

- Düşünürəm ki, növbəti mövsüm Premyer Liqada oynamaq üçün hər bir şəraitimiz var. Dediyim kimi, hələ heç nə həll edilməyib, amma biz bunu bir neçə ay ərzində reallaşdırmaq üçün çox çalışırıq. İmişlidə böyük azarkeş kütləsi olan möhtəşəm stadionu var. Əgər biz Premyer Liqaya yüksəlsək, əminəm ki, burada hər şey inanılmaz olacaq. Klubumuzun prezidenti də iddialıdır və əminəm ki, o, öz oyunçuları üçün gözəl struktur quracaq.

- "İmişli" Premyer Liqada oynasa, səncə, səni saxlayacaqlar komandada? Azərbaycan Premyer Liqasında oynamaq istəyirsən? 

- Mənim işim həmişə oynadığım komandaya xeyir verməkdir. Əgər məni Premyer Liqada da görmək istəsələr, əladır. Əlbəttə ki, hər bir oyunçu böyük komandada oynamağı hədəfləyir. Amma hələlik mən diqqətimi yaxşı oynamağa və hər oyunda 3 xal qazanmağa yönəldirəm, gələcəkdə necə olacağını zaman göstərəcək. Amma mən həqiqətən öz potensialıma və daha böyük komandalar tərəfindən görülə biləcəyimə inanıram.

- Azərbaycanda braziliyalı oyunçular az deyil. Hansı futbolçularla münasibətin var? Azərbaycanda oynayaraq diqqət mərkəzinə düşən, hətta "Qarabağ"dan "Flamenqo"ya transfer olan Juninyo digər braziliyalılar üçün əsl nümunə və motivasiyadır?

- “Araz-Naxçıvan”ın braziliyalıları, eləcə də “Kəpəz”in forvardı Paçu ilə münasibətim var. “Turan Tovuz”dakı bəzi oyunçuları da tanıyıram. Juninyonun "Flamenqo"ya keçidinə gəldikdə, bəli, biz buna görə çox şadıq. Çünki bu transferlə Azərbaycana diqqətlər daha da artacaq. Juninyoya uğurlar arzulayıram və Azərbaycanın dünya səhnəsində böyüməsinə kömək etdiyinə görə ona təşəkkür edirəm.

Mirbağırağa
 

Xəbər xətti