"Neftçi"nin hücumçusu: "Əsas məqsədimiz kuboku qazanmaqdır"

10:23 - 2 Mart 2025

"Neftçi"nin hücumçusu Ağadadaş Salyanski Sportal.az saytına açıqlama verib.

O, komandasının ölkə kubokunun 1/4 finalında "Kəpəz"ə qalib gələrək yarımfinala vəsiqə qazanmasına münasibət bildirib: "Baş məşqçimiz paltardəyişmə otağında bildirdi ki, ilk oyundakı qələbəyə, havanın qarlı olmasına fikir verməyək və yalnız oyuna fokuslanaq. Yaxşı nəticə qazanaraq, yarımfinala adlamağımızın önəmli olduğunu da demişdi. Şadam ki, qalibiyyətlə növbəti mərhələyə adladıq. Bizim məqsədimiz kuboku qazanmaqdır. Turnir cədvəlinə baxsaq, lap üst pillələrdən təəssüf ki, bir az geridəyik. Ora çatmaq çətin görünür. Amma biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Hər bir komanda bu cür edir".

"Ağ-qaralar"ın gənc hücumçusu ölkə kubokunu qazanmaq şanslarını isə bu cür dəyərləndirib: "Kubokda şansımız var. Şükürlər olsun ki, yarımfinala vəsiqə qazanmışıq. Rəqibimiz də "Sabah"dır. Mübarizəmizi sona qədər aparacağıq. Onları məğlub etmək istəyirik. Hər şey özümüzdən asılıdır. Qələbə qazanmaq istəyirik. Bir şansımız varsa, o da kubokdur. 100 faiz yaxşı hazırlaşacağıq. "Sabah"ı məğlub edib, finala adlamaq niyyətindəyik".

Mirbağırağa

Xəbər xətti