Almaniyanın “Dinamo”(Berlin) klubu azərbaycanlı hücumçusu Rüfət Dadaşova komandanın heyətində vurduğu qolların sayını 50-yə çatdırmasının şərəfinə simvolik hədiyyə edib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusuna mini buts formasında mükafat təqdim edilib və bundan sonra da uğurlar arzulanıb.
Dadaşov indiyə qədər “Dinamo”nun heyətində 54 qol vurub. O, Berlin təmsilçisinin heyətində 80-dən çox oyun keçirib.
33 yaşlı hücumçunun Almaniya klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Milli komandamızın sabiq hücumçusu “Kayzerslauten” II, “Saarbrükken”, “Germania Halberştatd”, “Proyssen”, “Şalke”, “Finiks Rayzinq” klublarında çıxış edib.