Xeyli vaxtdır ki, Avropada Azərbaycan futbolunun yükünü təkbaşına daşıyan "Qarabağ" bu illər ərzində çox gəlişib, böyük təcrübə qazanıb. Ötən mövsüm Avropa Liqasında 1/8 finala qədər irəliləyib "Bayer"ə başağrı olmaqla ən yeni tarix yazmışdı ölkə futbolu adına. Lakin bu avrokubok mövsümü gözlənilən kimi alınmadı. Yeni formata uyğunlaşa bilməyən "Qarabağ" 1 qələbə, 7 məğlubiyyətlə qrup mərhələsində mübarizəni dayandırmalı oldu.
Yalnız qazandığı nəticələrlə deyil, Kadi, Ovusu, Vadji, Juninyo kimi legionerləri xarici klublara satmaqla da, Avropa futbolunun tələbləri ilə ayaqlaşmağa çalışır "Qarabağ". Qurban Qurbanovun komandası xarici klubların diqqətini çəkə bilib. Belə görünür ki, qarşıdakı illər ərzində Ağdam klubunun futbolçularına davamlı təkliflər gələcək xarici liqa təmsilçiləri tərəfindən.
Lakin "Qarabağ"ın yenilənməyə ehtiyacı var. "Qan dəyişikliyi" labüdləşib artıq. Bu, hətta böyük klublarda da zaman-zaman zərurətə çevrilir. Bariz nümunə "Mançester Siti"dir. Qvardiola heyətdə radikal dəyişikliklərə getməyin qaçılmaz olduğu qərarına gəlib. Mətbuatda yayılan xəbərlərə görə, ispan mütəxəssis Ederson, De Bruyne, Stounz, Gündoğan, Kovaçiç, Bernardu Silva, Cek Qriliş kimi futbolçularla vidalaşmağa hazırlaşır.
"Qarabağ"da da ayrılıqlar qaçılmazdır. Bu, ilk növbədə Redon Cicaya aiddir. Albaniyalı futbolçu sanki özü də artıq qalmaq istəmir, meydanda çox həvəssiz görünür, qol epizodlarını sağa-sola xərcləyir.
"Qarabağ"a bu mövsüm gələn Kaşuk və Addai də ümidləri doğrultmurlar. Heç biri Qurban Qurbanovun oyun fəlsəfəsini mənimsəyə bilmir. Vida üçün bəlkə də tezdir. Amma futbolda bəzən "zərərin yarısından qayıtmaq da faydalıdır" prinsipi ilə davranmaq da lazım gəlir.
"Qarabağ"da heç cür özünü tapa bilməyənlərdən biri də Aleksey İsayevdir. "Sabah"dakı oyunu ilə göz oxşayan milli üzvü Qurban Qurbanovun tələblərinə cavab vermir. Legionerlərə limit tətbiq olunduğu halda ona yerli futbolçu kimi ehtiyac duyulurdusa, gələn mövsümdən belə tələb aradan qalxır. Belədə Aleksey İsayevin də komandada qalması anlamını itirmiş olur.
Veşoviçin gedişi artıq dəqiqləşib. Əcnəbi qapıçılardan birini yola salıb yerinə daha səviyyəlisini gətirmək də mümkündür.
Qurban Qurbanov köklü dəyişikliklərə getməyən mütəxəssis kimi tanınıb. Amma deyəsən, bu dəfə başqa çarə yoxdur.
Həmid
saytlarin hazirlanmasi