"Zirə" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyununda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularıma təşəkkür edirəm. Bu mövsüm keçirdiyimiz ən yaxşı oyunlardan biri oldu. Mərhələni keçmək üçün əllərindən gələni etdilər. Hər iki matça görə mərhələni keçməyə yaxın olan tərəf biz idik. Amma rəqib qazandığı 3 penaltini qola çevirib yarımfinala yüksəldi. Onları təbrik edirəm. Önümüzdəki matçlarda daha da yaxşı formada olmalıyıq. Rəqiblər bizi təhlil edir, yüksək motivasiya ilə oynayırlar. Bu məqamları təhlil edib növbəti oyunlara daha yaxşı hazırlaşmaq lazımdır. Çox sıx qrafikdə oynayırıq. Bu gün futbolçularım rəqibin üzərində böyük təzyiq yaratdı. Amma yaratdığımız qol fürsətlərindən istifadə edə bilmədik. Alınmadı. Bu gün uğur rəqibin tərəfində idi.
- Penalti epizodlarını necə şərh edərdiniz?
- Birinci epizod penaltidir. Düzdür, baxmamışam. Amma oyunun dinamikasında oxşayırdı. İkinci epizoddan çempionatımızda 100 dənə nümunə gətirərəm. Bir neçə klubumuz blokdan istifadə edir. Tuturlar, yıxırlar, boğurlar. Bizim xeyrimizə belə epizod olsaydı, əminəm ki, soyuqqanlı şəkildə şərh edəcəkdilər ki, ikisi də bir-birini tuturdu, mübarizə idi. Belə şeylərə öyrəşmişik. Nədənsə hakimlər 50/50 olan epizodlarda çox vaxt bizim əleyhimizə qərarlar qəbul edir. Birinci hissədə VAR-a baxıldı, həkimlər meydana girdi, pauzalar oldu. Cəmi 3 dəqiqə əlavə olunması təəccüblü idi. İlk yarıda ən azı 8-9 dəqiqə pauza oldu. Hakimliyin üzərində çox dayanmaq istəmirəm. Bu gün futbolçuların oyunundan həzz alırdım.
- Kubokda mübarizəni dayandırmaq çempionatda xeyrinizə ola bilər?
- Düşünmürəm. Biz mərhələni keçmək istəyirdik. Olmadı. Çempionata köklənəcəyik. Mənim üçün hər zaman çempionat prioritet olub.
Elçin Əlixan
saytlarin hazirlanmasi