PFL Azərbaycan Kubokunun finalına vəsiqə qazandı

22:39 - 28 Fevral 2025

Futzal üzrə Azərbaycan kubokunda yarımfinal matçları keçirilib.

Sportal.az xəbər verir ki, ilk oyunda futzal üzrə yüksək liqa komandaları “Araz Naxçıvan” və “Neftçi” İK qarşılaşıb. Bu qarşılaşmada 5-3 hesabıyla üstün olan “Araz Naxçıvan” finala vəsiqə qazanıb. Sürpriz nəticə isə digər oyunda qeydə alınıb. Futzal üzrə 1-ci Liqada çıxış edən Peşəkar Futbol Liqasının komandası 19 yaşlılardan ibarət millimizlə üz-üzə gəlib.

Hal-hazırda 1-ci Liqanın lideri olan PFL uğurlu oyunlarına ölkə kubokunda da davam edib. Gənclər yığmamız üzərində 4:0 hesablı qələbə PFL-i finala daşıyıb. Beləliklə, finalda PFL və “Araz-Naxçıvan” qarşılaşacaq. Xatırladaq ki, Peşəkar Futbol Liqasının futzal komandasının baş məşqçisi PFL prezidenti Elxan Səmədovdur. 2023-cü il dekabrın 16-da Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan “Qarabağ” – MOİK matçının təşkilati işləri əlaqədar Xankəndi şəhərinə səfər edərkən Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində PFL-in rəhbər heyətinin yer aldığı avtomobil qəzaya uğramışdı. Bu qəzaya qədər Səmədov PFL-in komandasında oynayan məşqçi funksiyasını daşıyırdı. Hal-hazırda onu oyunlar zamanı Yaşar Qasımov əvəzləyir.

Elxan Səmədov komandasının finala çıxması ilə bağlı təəssüratlarını bölüşüb:

“İllər öncə yaşadığım sevinci təkrarlamaq ikiqat xoş oldu. O vaxt da oynayan məşqçi olduğum BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) klubu 2015/2016 mövsümündə finala çıxmış və həlledici görüşdə EKOL-a uduzmuşduq. Bu dəfə səhhətimlə əlaqədar meydançada olmasam da, daim komanda ilə birlikdə idim. Bu oyuna çox ciddi hazırlaşırdıq. Rəqib fiziki cəhətdən bizdən üstün idi. Buna görə də oyunu müdafiədən qurmağa və onları əks hücumda tutmağa qərar verdik. Təcrübə sözünü dedi və taktikamız uğurlu alındı. Komandamız uzun illərdir bir yerdə oynayır və hər kəs bir-birini yaxşı başa düşür. Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, matç ağır keçdi. Azərbaycan futzalının siması olan “Araz Naxçıvan”la final oynamaq fəxrdir və artıq bizim üçün böyük uğur sayıla bilər”.


Xəbər xətti