"CBC Sport" kanalı bu gün keçiriləcək Avropa Liqası 1/4 final mərhələsinin ilk matçlarını canlı yayımlamayacaq.
Sportal.az xəbər verir ki, kanal bununla bağlı bəyanat yayıb. Texniki səbəblərə görə oyunların canlı yayımlanmasının mümkün olmayacağı qeyd olunub:
"Hörmətli izləyicilər, bu günə planlaşdırılan UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək görüşlərin canlı yayımlanması texniki səbəblərdən mümkün olmayacaq. "CBC Sport"dan asılı olmayan səbəblərə, texniki məsələlərlə bağlı ortaya çıxan problemin həlli üçün lazımi iş gedib. Lakin görülən bütün işlərə baxmayaraq, texniki problemləri həll etmək mümkün olmayıb. Bildiyiniz kimi, fəaliyyət göstərdiyimiz bu 9 il ərzində efirimizdə canlı yayımlamağı planlaşdırdığımız idman yarışlarının verilməsində ciddi problem olmayıb. Avrokubok görüşləri zamanı isə ümumiyyətlə belə bir hadisə yaşanmayıb və daim avrokubok matçları yüksək səviyyədə sizlərə təqdim edilib. Televiziyalarda texniki məsələlər səbəbindən bu cür halların - müəyyən yayımların baş tutmaması halları dünya praktikasında da zaman-zaman yaşanır. Nə qədər arzuolunmaz olsa da, bəzən yaşanan bu halların qarşısını texniki səbəblərə görə almaq olmur. Bizdən asılı olmayan səbəblərə görə oyunların canlı yayımının baş tutmadığı üçün sizdən üzr istəyirik. Bizi anlayışla qarşılamağınıza ümid edirik və çalışacağıq ki, bir daha belə hadisə yaşanmasın".
Qeyd edək ki, "CBC Sport" bu gün "Budyo Qlimt" – "Latsio" və "Olimpik Lion" – "Mançester Yunayted" qarşılaşmalarını yayımlamağı planlaşdırırdı.
saytlarin hazirlanmasi