"Albaniyaya gələndən bəri hər transfer dönəmində maraqlanan və istəyən Azərbaycan klubları olub" - Legioner həyatı yaşayan həmyerlimiz

19:22 - 26 Fevral 2026

"Eqnatiya"nın müdafiəçisi Zamiq Əliyev Sportal.az saytına müsahibə verib.

- Son turda "Dinamo"(Tirana) klubuna qalib gəldiniz. Həmin oyun sizin üçün necə alındı? 

- Çətin görüş oldu. Rəqibimiz də ilk "üçlük"də qərarlaşan komandadır. Bilirdik ki, bizə yaxşı müqavimət göstərəcəklər. Nəzərə alsaq ki, 2-ci pillədəyik və üç xal bizim üçün çox vacib idi, buna görə şadıq. Son dəqiqədə vurduğumuz qolla qalib gəldik.

- Komanda hazırda 2-ci pillədədir. Bu durum sizi razı salır? “Vlajniya” 1-ci pillədədir və 2 xal geridəsiniz. Onlara çata biləcəksiz?

- Təbii ki, bu durum bizi razı salmır. Nəzərə alsaq ki, son illərin ardıcıl çempionuyuq, onda 2-ci pillədən razı ola bilmərik. Hələ qarşıda kifayət qədər oyun var və xal fərqi də artıq ikiyə enib. Bundan sonra da hər şey əlimizdədir. Allah qoysa, sonda gülən tərəf biz olarıq. Əlimizdən gələni edəcəyik.

- Bəs öz performansından, durumundan razısan? Bu mövsüm çempionatda 12 matçda meydana çıxmısan. Tam olaraq oyunlara çıxmamağın nə ilə bağlı idi?

- Özümdən tam razı deyiləm. Əlbəttə ki, bilirəm ki, daha da yaxşısını etmək gücündəyik. Daim öz üzərimdə işləyirəm, zəif tərəflərimi düzəltməyə çalışıram və daha çox inkişaf etməyə can atıram. Oyunlara çıxmamağıma gəlincə, bu, baş məşqçimizin qərarları idi. İlk dövrədə az oyun keçirdim. Yəqin ki, məşqçimizin istədiklərini meydanda tam verə bilməmişəm. Mən səhvi hər zaman özümdə axtarıram, başqasında yox.

- Bir ara Avropa klubları - Ukrayna, Türkiyədən səni istəyən komandalar var idi. Qışda "Eqnatiya"nı tərk etmək ehtimalın var idi?

- Bəli, dediyiniz ölkələrdən istəyən klublar var idi. Amma klubla razılıq əldə olunmadığına görə bu transferlər baş tutmadı. Bəli, qışda da istəyən klublar var idi, sadəcə detallara çox da girməyəcəm. Bircə onu deyim ki, "Eqnatiya"dan ayrılığa yaxın idim. Amma son anda mən və klub tərəfindən burada qalmağım yönündə qərar verildi. Mən də indi işimə fokuslanmışam.

- Bəs, mövsümün sonunda necə, başqa kluba keçmək ehtimalın yaranacaq? Azərbaycandan necə, səni istəyən klublar oldu?

- Bunu zaman göstərəck. Hər zaman dediyim kimi, çalışıram daha yaxşı liqalarda, daha yaxşı komandalarda oynayım. Özüm üçün bunu hədəf olaraq qoymuşam. Amma bunun olub-olmayacağını zaman və o ana olan şərtlər göstərəcək. Albaniyaya gələndən bəri hər transfer dönəmində maraqlanan və istəyən Azərbaycan klubları olub. Hər birinə də maraqları üçün təşəkkür edirəm. Lakin mənim əsas məqsədim futbolçu karyerama ölkə xaricində davam etməkdir. Hələ ki Azərbaycana geri qayıtmağı düşünmürəm. Xaricdə oynamaq istəyirəm.

- Bəs Azərbaycan çempionatı kənardan necə görünür? Bu mövsüm “Sabah” da “Qarabağ”la birlikdə çempionluğa namizəddir...

- Kənardan Azərbaycan Premyer Liqası maraqlı görünür. Çünki yuxarı "beşlik"də maraqlı mübarizə gedir. Əsas da çempionluq uğrunda "Saah"ın bu mövsümkü oyunu təqdirəlayiqdir. Məşqçi işi göz önündədir. "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışına görə çempionata tam köklənə bilməməsindən yaxşı yararlanırlar. Lakin "Qarabağ"ın Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra yerli çempionata köklənməsi, qarşıdakı bu iki komanda arasında oyunlara marağı daha da artırır. Mən "Qarabağ"ın neçə ildir ki, davam etdirdiyi çempionluğu əldən verəcəyini düşünmürəm.

Mirbağırağa

Xəbər xətti