Nərd oyunu biznes haqqında nə öyrədir? – "PAŞA Holding"in CEO-su Cəlal Qasımovdan maraqlı yanaşma

15:30 - 14 Avqust 2026

- İçərişəhərə çıxanda nərd oynayan çoxlu sayda insan görürsünüz. Siz ölkənin ən böyük biznes liderlərindən birisiniz. Maraqlıdır, nərd oyunu ilə biznes arasında hansı paralelləri görürsünüz və bu oyundan öyrəndiyiniz hansı dərsləri hazırda "PAŞA Holding"i idarə edərkən tətbiq edirsiniz?

Sportal.az xəbər verir ki, bu sual "The Caspian Forum" podkastında aparıcı Çarli Dey tərəfindən "PAŞA Holding"in CEO-su Cəlal Qasımova ünvanlanıb.

Cəlal Qasımov aparıcının nərdlə biznes arasındakı paralellərlə bağlı sualını belə cavablandırıb:

- Bəli, düşünürəm ki, bu, kifayət qədər dərin sualdır. Nərd oyunu haqqında düşünsək, məncə, onun bizə öyrətdiyi əsas məqamlardan biri bacarıqla şansın eyni dərəcədə vacib olmasıdır.

Bəzən oyun zamanı çoxlu səhvlərə yol verə bilərsiniz. Amma bəxtiniz gətirərsə və zərlər məhz sizə lazım olan şəkildə düşərsə, çox güclü oyunçu olmasanız və müəyyən səhvlər etsəniz belə, qalib gələ bilərsiniz.

Bunun əksi də mümkündür. Çox yaxşı oynaya, bütün düzgün gedişləri edə bilərsiniz, amma bəzən oyunda qalib gəlmək üçün ehtiyacınız olan zərlər düşməyə bilər.

Bunu biznesə tətbiq etdikdə isə belə nəticəyə gəlirik ki, mütləq şəkildə peşəkar, bilikli və bacarıqlı bir təşkilat qurmaq lazımdır. Bununla yanaşı, bəzən şans da sizin tərəfinizdə olmalıdır. Bəzən bəxtiniz gətirir, bəzən isə yox.

Əsas məsələ təşkilat daxilində adətən düzgün qərarların qəbul edilməsinə gətirib çıxaran proseslərin qurulmasıdır. Yenə də bəzən bəxtiniz gətirməyə bilər və düzgün qərarınız yanlış və ya arzuolunmaz nəticə ilə yekunlaşa bilər.

Lakin bu, həmin qərarın özünün yanlış olduğu demək deyil. Şansla bağlı heç nə edə bilmərik, çünki bu, xarici amildir. Amma bacarıqlarımızı inkişaf etdirmək üçün mütləq nəsə edə bilərik. Bu, həm təşkilatlar, həm də ayrı-ayrı insanlar üçün həqiqətən vacibdir.

Bəzən çox səy göstərmədən də bəxtiniz gətirə bilər. Amma bu, gələcəkdə də daha az səy göstərərək hər zaman şanslı olacağınıza inanmağınıza səbəb olmamalıdır.

Xəbər xətti