Bu ilin may ayında "Xəzər Lənkəran"ın sabiq futbolçuları Alim Qurbanov, Zaur Ramazanov və Futbol Veteranları İttifaqının rəhbəri Oqtay Abdullayev Türkiyədə Mübariz Mənsimovun qonağı olublar.
Görüşdə "Xəzər Lənkəran"ın fəaliyyətini bərpa etmək barədə də müzakirələr aparılıb. O vaxt Mübariz Mənsimovun bu məsələdə maraqlı olduğu və Lənkəran klubunun azarkeşlərinin yaxın zamandan xoş xəbər eşidəcəyinə dair məlumatlar yayıldı.
Lakin həmin görüşdən aylar keçsə də, Mübariz Mənsimovdan "Xəzər Lənkəran"la bağlı səs-soraq yoxdur. Deyəsən, elə bütün söhbətlər masada qaldı, dəyişən heç nə olmayacaq. Ən azından indilik.
"Xəzər Lənkəran" artıq 10 ildir ki, fəaliyyətini dayandırıb. Klubun sadiq azarkeşləri onu çox özləyiblər. Sosial şəbəkələrdə yazılanlardan da görünür ki, "Xəzər Lənkəran"ın yolunu gözləyənlər çoxdur.
Amma mövcud vəziyyətdə "Xəzər Lənkəran"ın geri dönməsi çətin görünür. Ya gərək Mübariz Mənsimov kimi imkanlı, qüdrətli bir iş adamı bunu üzərinə götürsün, ya da elə Mübariz bəyin özü.
Heç kimə sirr deyil ki, Mənsimov uzun illərdi ölkəmizdə biznes fəaliyyəti ilə məşğul deyil. Əvvəllər SOCAR-la neft daşımaçılığında əməkdaşlıq edirdisə, indi buralarla bağları tam qopub. İndiki reallıqlarda onun Azərbaycanda klub və ya başqa fəaliyyətlə məşğul olması inandırıcı deyil.
Bəs, cənub bölgəsində həm futbolu sevən, həm də yaxşı maliyyə imkanları olan başqa iş adamları yoxdurmu? Vardır hər halda. Amma söhbət "Xəzər Lənkəran"dan gedirsə, bunun məsuliyyəti böyükdür. Hər imkanlı adam bunun altına girməyi üzərinə götürməz. Ona görə də artıq 10 ildir ki, "Fırtınalar meydanı"nda nəinki fırtına, heç külək də əsmir... Nə vaxta qədər? Bu sualın konkret cavabı yoxdur. Zamanın ixtiyarındadı hər şey!
Sportal.az
saytlarin hazirlanmasi
