Kinayəli təklif: "Berti Foqtsa fəxri vətəndaş adı verilsin"

13:18 - 19 Dekabr 2013

Natiq Muxtarlı: "Müqaviləni uzatmaqla AFFA rəhbərliyi özü-özünə quyu qazmış oldu"
 
Dünən AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Saat 10:30-da başlayan toplantının gündəliyində duran əsas məqam Azərbaycan millisinin baş məşqçisi məsələsinin müzakirəsi olub.
 
Nəticədə, Berti Foqtsla yeni 2 illik müqavilə imzalanmasına qərar verilib.  Millinin sabiq üzvləri Mahmud Qurbanov və Aslan Kərimov Foqtsun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Bu təyinatlara münasibət öyrənmək üçün Sportal.az idman jurnalistlərinin fikrini öyrənib:
 
Natiq Muxtarlı (Komanda qəzetinin redaktoru)
 
"Mən gözləmirdim Berti Foqtsla müqaviləni uzadarlar. Niyə? Bunu mən peşəkar amillərlə əlaqələndirmirəm. Düşünürəm ki, AFFA 5 il ərzində Berti Foqtsun komandasına 5 milyon pul verib. Hələ lazımsız təlim-məşq toplanışları, qələbələr və heç-heçələrə görə 150 milyona yaxın pul xərclənilib. Ortada da heç nə yoxdu. Düşünürdüm ki, AFFA rəhbərliyi belə məqamda Foqtsu istefaya göndərəcək və bütün günahları da Berti Foqtsun üstünə yıxacaqlar. Amma görünür ki, ortada başqa amillər var və onu istefaya göndərmədilər. Bu da məni sevindirir. Çünki AFFA rəhbərliyi gördü ki, belə məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. İndi onun qarşısına məqsəd qoyulub ki, 2016-cı ildə Avropa çempionatının seçmə mərhələsinə yığma komandamız vəsiqə qazansın. Yenə buna görə 50-60 milyon pul xərcləyəcəklər və bu pul da gəlib çıxacaq 200 milyona. Artıq bu məqamda uğursuzluq olsa, Berti Foqtsu günahlandırmaq olmayacaq. Çünki Foqtsla iş birliyi gəlib 8 ilə çatacaq və sən bu uğursuzluqları bu illər ərzində görmədinsə, bundan sonrakı bütün məsuliyyət də sənin üzərində olmalıdır. Hesab edirəm ki, yenə uğursuzluq olsa, AFFA rəhbərliyindən kimlərsə artıq məhkəmə kürsüsündə oturacaq. Bunun  hesabını verəcəklər. 
 
Berti Foqtsla müqavilənin uzadılmasına sevinirəm. Çenki belə maqamda göründü ki, AFFA rəhbərliyi məsuliyyətdən qaça bilmədi və günahı da Foqtsun üzərinə ata bilmədi. Gələcəkdə də bunların cinayət məsliyyətinə cəlb olunması üçün vacib addım atıldı. Foqtsla müqaviləni uzatmaqla AFFA rəhbərliyi özü-özünə quyu qazmış oldu.
 
Azərbaycan milli komandasında Berti Foqtsun azərbaycanlı köməkçilərinin olması əhəmiyyətsiz bir statusdur. Mahmud Qurbanovdan sanbballı məşqçi olan Vaqif Sadıqovu Foqts qoymurdu heç ehtiyyat oyunçular skamiyasında oturmağa. Və yaxud Azərbaycanda tanınmış məşqçi Nazim Süleymanov. O, nə götürdü Foqtsdan? Heç nə. Aslan Kərimov və Mahmud Qurbanov da Berti Foqtsdan heç nə qazanmayacaq. Berti Foqts da hansısa futbol təcrübəsini bunlara ötürmək ixtiyarında olmayacaq. Foqtsun futbol fəlsəfəsi köhnəlmiş və 90-cı illərdə qalmış fəlsəfədir. Bu təyinatları sadecə olaraq onların Azərbaycan futboluna verdiyi töhfələrə görə  AFFA rəhbərliyi də onlara aylıq məvəcib verərək bu vəzifədə otuzdurub".
 
 Elçin Cəlilov (Futbolpress.az saytının baş redaktoru)
 
"Mən onunla müqavilənin artırılacağını gözləyirdim. Çünki saytımız bunun haqda da xəbər yazmışdı.Foqts müqavilə bitəndən sonra ölkə çempionatının oyunlarını izləyirdi. Bu da o demək idi ki, Berti Foqtsla müqavilə uzadılacaq. 
 
Onsuzda Foqtsun yerinə kimsə gəlsə, yenə də Azərbaycan futboluna heç nə verməyəcək. Çünki Azərbaycan futbolunun özəyi düzgün qurulmayıb. Ona görə də başqası da gəlsə, heç nə dəyişməyəcək. Berti Foqtsun qiyməti çox bahadı. Bütün pulları əsas yığmaya xərcləmək düzgün deyil. Əsas gücü aşağı yaş qruplarına vermək lazımdır. Çünki bahalı məşqçi gələndə onun əlində yaxşı material olsun. Bizim futbolumuzda yaxşı material yoxdusa, nə olsun, get dünyanın ən bahalı məşqçisini gətir.
 
"Mahmud Qurbanovla Aslan Kərimov köməkçi olmaqdan çox Foqtsun yanında təcrübə qazanmaq üçün olacaqlar."
 
Rəşad Ergün (Komanda qəzətinin baş redaktoru)
 
"Bu əvvəldən bilinirdi ki, onun müqavilə artırılacaq. Mənə elə gəlir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev istəyirdi ki, Foqts getsin. Burada başqa amillər var. AFFA-nın vitse-prezidenti Elşad Nəsirov şəxsən özü dayanır Foqtsun arxasında. Siyasətə qarşımaq kimi olmasın, mən bildiyimə görə  Foqtsu Azərbaycan gətirəndə ölkə başçısına məruzə ediblər ki, bu Avropa çempionudu və Azərbaycan futbolunu inkişaf etdirəcək. İndi də bu insanlar bu söhbətlərin arxasında qaça bilmirlər.Onlar ölkə başçısına təqdimatı elə veriblər ki, məcburdurlar Berti Foqtsu saxlamağa. 
 
Mən hesab edirəm ki, Berti Foqtsun postunda qalmağı AFFA-nın üzərinə böyük yük qoydu. Başqasını gətirsəydilər, uğursuzluq olsaydı, daha çox mətbuatın üstünə düşəcəkdilər ki, buyur, başqasını gətirdik uğursuz oldu. İndi məsuliyyət yenə də AFFA-nın üzərində qalır. Foqts milliyə heç nə qazandırmadı. 9 xalı milliyə yüz minlərlə tökülən pullar qazandırdı. Azərbaycanlı futbolçuların xarakteri elədir ki, bir az pul olan kimi oynayırlar. İndiyə kimi nə qazanmışıqsa, bu da pulun hesabına.
 
Nazim Süleymanov və başqaları nə götürübsə, Aslan Kərimovla Mahmud Qurbanov da onu götürəcəklər. Foqtsu burada tapslar nəsə götürərlər. Düzdü, indi deyirlər ki, daha çox burada qalmalıdır. Hesab etmirəm ki, o, vaxtını burada keçirtsin. Foqtsun dövrü çoxdan bitib. 90-cı illərdən qalmış adamdan nə gözləmək olar? Bu gün Qvardiola, Mourinyo, Klopp kimi müasir futbolu bilən məşqçilər hökmranlıq edir. Foqts bu günə kimi nəsə öyrənib ki, başqalarına da nəsə öyrətsin?."
 
Saleh Arslan: (Korner.az saytının baş redaktoru)
 
"Foqtsa müqavilənin yenilənməsini açığı gözləmirdim. Hesab edirdim ki, artıq AFFA başa düşüb ki, onun bu postdan getməsi daha məqsədə uyğundur. O, burada ancaq təhqirlə, havayı pulları yeməklə məşquldur. Görünür hələ 5 il kifayət eləməyib onların başa düşməyi üçün.  Foqtsdu da gəlib qoca yaşında pullarını qazanır. Elə pensiyaya da buradan çıxar. Buradan Rövnəq Abdullayevə səslənirəm ki, ona bir fəxri vətəndaş adı versin. 
 
O birilər nə öyrəniblər ki, Mahmud Qurbanovla Aslan Kərimov da öyrənsin. Lobonovskinin məhşur bir sözü var: öyrətmək üçün bilmək lazımdır. Bunlar Berti Foqtsdan nə öyrənə bilərlərki?"

Xəbər xətti