AFFA etiraz etdi

14:22 - 27 Mart 2014

Məmmədov UEFA-ya məlumat verdi
 
İşğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının təşkilatçılığı ilə məşqçi kursu keçirilir. 
 
Sportal.az xəbər verir ki,  bununla bağlı Azərbaycan Futbol Federasiyası qarşı tərəfə etirazını bildirib və UEFA-ya məlumat verib.
 
UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nın Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını  ifadə edib. 
 
E.Məmmədov həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə də görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.
 
Xatırladaq ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur.

Xəbər xətti