Qurban Qurbanov: "Qrup mərhələsinə düşməklə kifayətlənmək istəmirik" MÜSAHİBƏ

13:45 - 29 Avqust 2014

"Bu qələbə ölkəmizə çox lazım idi"
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibə verib.
 
Sportal.az müsahibəni təqdim edir:

- Klubunuzun tarixi uğuru ilə bağlı nə deyə bilərsiz?
- Bu, bizim üçün böyük uğurdu. Biz neçə il idi ki, belə bir uğur qazanmağa çalışırdıq. Şadam ki, nəhayət bu istəyimizə nail olduq. Çətin oyun oldu, amma biz azarkeşlərimizi sevindirməyi bacardıq.

- Hesab 1:1 olanda nə düşünürdüz? Axı istənilən bir qolun buraxılması hər şeyin sonu ola bilərdi...
- Sonadək inanırdıq. Bir neçə qol şansımız oldu. Təkcə Reynaldo bir neçə qol vura bilərdi. Amma son dəqiqələrdə ancaq hesabı qorumağa çalışırdıq. Çünki bizi milyonlar izləyirdi.

- Bu zəfəri kimə həsr edirsiz?
- Bu, bizim xalqımızın qələbəsidi. Bizim bir milyon qaçqınımız var və bu qələbə ölkəmizə çox lazım idi.

- "Qarabağ"dan qrup mərhələsində nə gözləyək?
- Layiqli oyun və nəticə. Ümid edirəm ki, bundan da böyük sevinc bəxş etməyi bacaracağıq. Baxaq, görəkl püşk bizim bəxtimizə hansı komandaları çıxaracaq.

- Qrupunuzda hansı komandaları görmək istərdiz?
- Kiminlə oynamağımızın fərqi yoxdu. Qrup mərhələsində zəif rəqib gözləməyə dəyməz. Sadəcə, onu deyə bilərəm ki, biz qrup mərhələsinə düşməklə kifayətlənmək istəmirik.

- Transferlər olacaq?
- İstərdik. Bəzi mövqelərin güclənməsinə ehtiyac var. İki gün sonra transfer pəncərəsi bağlanır və bu zaman kəsiyində yaxşı futbolçu tapmaq çox çətindi. Amma biz ümidimizi itirmirik və 1-2 yeni futbolçu almağa çalışacağıq.

Xəbər xətti