Mərasimdən sonra Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlamalar verən klub nümayəndələri bir sıra maraqlı məqamlara toxundular.
“Bu dəfə hədəf ilk beşlikdə qərarlaşmaqdı”
Nadir Qasımov (“Şuşa” klubunun baş məşqçisi): “Komandada ümumi ab-hava yaxşıdı. Deyərdim ki, kollektiv çempionata tam hazırdı. Sadəcə, biz indiki məqamda sponsor baxımından bir qədər əziyyət çəkirik. Konkret olaraq, rəsmi sponsorumuz yoxdu. Amma bütün bunlara baxmayaraq, işimizi davam etdiririk. İrandan iki yeni futbolçu heyətə cəlb olunub, Rusiyadan qapıçı dəvət etmişik, həmçinin Rusiyada yaşayan bir azərbaycanlı futbolçunu dəvət etmişik. Ötən il biz maddi durumumuzun fonunda yaxşı nəticə əldə etdik. Fasilə zamanı heyətimizdən 6 futbolçu getdi, iddiamız isə azalmır. Cari mövsümü mütləq şəkildə ilk yerdə başa vurmalıyıq. Sponsor məsələsi həll olunsa, o zaman işimiz asanlaşar. Çempionat ərzində Respublikanın 11 bölgəsində oyunlarda olacağıq. Bütün bunlar maliyyə tələb edir. Ona görə də sponsora ehtiyacımız var”.
“Bir neçə turdan sonra biləcəyik ki, bu komanda nəyə qadirdi”
Füzuli Əliyev (“Rəvan”ın icraçı – direktoru): “Tamamilə yeni komanda qururuq. Ötənilki heyətdən sadəcə bir futbolçu qalıb. Yamin Ağakərimzadə heyətdə saxlanılıb. Komandanın əsasını isə ötən il əvəzedici heyətdə çıxış edən gənclər təşkil edir. Biz onlara güvənirik. Eyni zamanda, heyətə yeni futbolçular da qoşulub. Pərvin Paşayev, Orxan Məmmədov kimi oyunçuları komandaya gətirmişik. Cəmşid Məhərrəmovun durumu hələ ki, bəlli deyil. Onun bizimlə müqaviləsi var. Futbolçuya tapşırmışıq ki, özünə komanda tap. Əgər onun işləri alınmasa, o zaman bizimlə qalacaq. Biz çempionata hazırıq. Yenidən Premyer Liqaya qayıtmaq gücündə olub-olmadığımızı isə bir neçə tur keçdikdən sonra deyə bilərik”.
“Məqsədimiz birdi”
Tahir Mustafayev (“Qaradağ Lökbatan”ın prezidenti): “Biz həm ölkə daxilində, həm də ölkə xaricində təlim-məşq toplanışında olmuşuq. Deyərdim ki, bu il çox yaxşı kollektiv formalaşdırmışıq. Son vaxtların ən yaxşı komandasını qurmuşuq. Məqsədimiz birdi: birmənalı şəkildə çempionluq uğrunda mübarizə aparacağıq. Bu heyət çempion olmağa layiqdi. İnşallah, çempionatda uğurlu çıxışımızı davam etdirib, qızıl medalları qazanmalıyıq”.
“Yeni yaranan klub olsaq da...”
Aydın Gözəlov (“Zirə”nin idman direktoru): “Biz yeni yaranan klub olsaq da, çempionata hazırıq. Hər hansı bir problemimiz yoxdu. Çempionatda yarışacağımız ilk ildə medalçılar sırasına düşmək hədəfimizdi. Əyarın fərqi yoxdu, əsas medaldı. Biz heyətə çox sayda gənc oyunçu cəlb etmişik və onlara güvənirik”.
“Çempionata tam hazır deyilik”
Mətləb Məmmədov (“Mil Muğan”ın baş məşqçisi): “Deməzdim ki, komanda çempionata tam hazırdı. Çünki istədiyim futbolçuları komandaya cəlb edə bilməmişəm. Buna görə də problemlər var. Hər mövqedə oyunçuya ehtiyacımızın olduğunu hiss edirəm. Amma biz heç kimdən zəif deyilik və oyunlarda sona qədər mübarizə aparacağıq. Klubda maddi durum ötən il olduğu kimidi”.