Serbiyalı futbolçudan açıqlama
"Simurq"un serbiyalı yarımmüdafiəçisi Marko Stanoyeviç Moldova mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, "Şerif" klubuna məxsus olan, icarə əsasında "Simurq"da çıxış edən 26 yaşlı futbolçu Topaz Premyer Liqası və ümümi Azərbaycan futbolu haqda sualları cavablandırıb :
- "Şerif"i "Simurq"a dəyişməyinizə nə səbəb oldu?
- "Şerif"dən ona görə ayrıldım ki, orada istədiyim qədər oynamırdım. Klubun baş direktoru Nikolay Zyuzinlə danışdım və məni buraxdılar. Buna görə də onlara təşəkkürümü bildirirəm".
- Bəs niyə məhz Azərbaycan?
- Başqa variantlar çox idi. Amma "Simurq" daha ciddi təklif irəli sürdü. Məni komandada çox yaxşı qarşıladılar. Düzünü deyim ki, özümü bir neçə ildi burada oynayıram kimi hiss edirəm. Bu klubun futbolçuları çoxdandı bir yerdə oynayırlar. Baş məşqçinin də birinci ili deyil. "Simurq"u seçməklə düzgün addım atdığımı deyə bilərəm.
- Amma "Simurq"un "Şerif"dəki kimi bazası yoxdu...
- "Şerif"in bazası kimi bazaya malik olmayan klublar çoxdu. Amma "Simurq"da yaxşı oynamaqla Azərbaycanın daha güclü klublarından - "Neftçi"dən, "Qarabağ"dan da təkliflər ala bilərəm.
- Azərbaycan və Moldova çempionatlarını müqayisə edə bilərsən?
- Bu barədə nə demək çətindi. Moldovada indi yaxşı komandalar çoxdu - "Daçiya", "Zimbru", "Milsami". Bu ölkədə futbol mənim gəldiyim dövrə - 2012-ci ilə təsadüf etdi. Amma mənə elə gəlir ki, Azərbaycan çempionatı daha güclüdü. Çünki burada maaşlar daha çoxdu. Azərbaycana daha səviyyəli legionerlər gəlir.
- "Simurq"la müqavilə şərtləriniz "Şerif"dəkindən yaxşıdı?
- "Simurq"da daha çox qazandığımı deyə bilərəm. Amma bu, əsas deyil.
- Orada yaşayışın necədi?
- Bura oynamaq və qazanmaq üçün gəlmişəm. Çalışmaq üçün hər cür şəraitimiz var. Süni örtüklü meydanda məşq edib, oynayırıq. Qazon sintetik olsa da, çox yaxşıdı, təbii ot örtüyündən çox fərqlənmir. "Simurq"un hər bir futbolçusunun evi var. Ailəm də yanımdadı. Odu ki, futboldan başqa heç nə barədə düşünmürəm.
- Müqavilən bitəndə "Simurq"da qalmaq istəyirsən, ya "Şerif"ə qayıtmaq fikrindəsən?
- Hələ bunu deyə bilmərəm. Hələlik, burada 1 il oynamaqla bağlı razılığa gəlmişik. Sonra nə olacaq, ona həmin vaxt qərar verərik.