I divizonda gözlənilməz hadisə
Dünən I Divizionda keçirilən "Energetik" - "Zirə" matçı qalmaqalla, dava-dalaşla yadda qalıb.
Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, matça baş hakim Teymur Fərhadov damğasını vurub.Fərhadov son 2 turda yenilən debütantın birinci yarıda təmiz penaltisini verməyib. Sağ cinahdan Aslan Hüseynovun asmasını qəbul edən Vüqar Əsgərovun formasından dartan və yerə yıxan müdafiəçiyə görə «Energetik»in qapısına penalti təyin edilməli olsa da, referinin fiti susub. Bundan savayı heç nəylə yadda qalmayan «Zirə»lilər ikinci hissəyə də pis başlayıb. Əzmkarlıqda zəif rəqibinə uduzan komanda hücum qurmaqda çətinlik çəkib. Tez-tez top itkilərinin müşahidə olunduğu bu dəqiqələrdə «Energetik»in meydanın hər qarışı uğrunda sərt mübarizəsini qeyd etməliyik.
Turnir cədvəlinin son pilləsinə dəmir atan «işıqçılar» 65 dəqiqə ərazi üstünlüyünü əlindən verməyib. Mərkəzdə kobudluğa görə ikinci sarı vərəqə alan oyunçusunun meydandan qovulmasından sonra azlıqda qalan ev sahibləri müdafiəyə çəkilib və «Zirə» belədə nisbətən özünə gəlib. Əsəblər axır 20 dəqiqədə tarıma çəkilib. Əllə oyuna görə penaltisi yenə verilməyən qəsəbə təmsilçisi güclə sakitləşib. «Energetik»in qapısına necə gəldi, haodan gəldi yaxınlaşmayan istəyən qonaqların cəhdi əksər hallarda cərimə meydançası həndəvərində qırılıb. Qapıya budəqiqələrdən uzaqdan zərbə endirməyən «ağ-qırmızılar»ın girdiyi tək-tük təhlükəli anlarda Emn Abbasov qapıda sayıqlığı itirməyib.
85-ci dəqiqədə baş hakim «Energetik»in daha bir futbolçusunu meydandan çıxarıb. Topsuz halda rəqibə təpik atmasına görə. Referinin bu qərarı aranı qarışdırıb. Futbolçuların toplu toqquşmasının qarşısını almağa çətinlik çəkən «fit sahibi» oyunu bir neçə dəqiqə dayandırıb. «Energetik»in baş məşqçisi Sahib Qocayev komandasını sakitləşdirmək üçün meydana girməyə cəhd göstərib. Oyundan çıxmaq istəməyən oyunçusu «Zirə»lilərin üzərinə hücum çəkib. Referinin qarşılaşmanın ipini əlindən buraxması artırma dəqiqələrində aşkar hal alıb. Belə ki, hər iki tərəfdən qarşılıqlı təhqirlər bir-birini əvəzləyib.
Teymur Fərhadov sinəsindən geri itələyən «Energetik»liyə, həmçinin Sahib Qocayevi söyən «Zirə»liyə qırmızı vərəqə göstərməyə cəsarət etməyib. Öyrəndik ki, Fərhadov Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun yaxın qohumudu. Hakimbaşı özünü güclə yerindən tərpədən, artıq çəkisi burununa dəyən Teymuru, sən demə, Mingəçevirə tez-tez göndərirmiş. Dəlləkliyi imkansız «Energetik»in başında öyrənən Teymuru stadiona jgələn azyaşlı uşaqlar da tanıyır artıq. Yaşlılar Xaqani Məmmədovu, cavanlar Teymur Fərhadovu necə lazımdı «yad etdi» bu dəqiqələrdə.
Qapıçının topu əlində saxlaya bilməməsi ilə yeganə qolu vuran «Zirə» final fitindən sonra kollektiv şəkildə sevinirdisə, «Energetik»lilər məğlubiyyəti həzm edə bilmirdi. Qapıçı Ziyadxan Məmmədovun Sahib Qocayevin sözünə əllə reaksiya verməsiylə sillə-təpik komediyası başlayıb. Təqribən 15-20 dəqiqə. Dəhlizdə və paltardəyişmə otaqlarının önündə kim kimi gəldi vurub. Məğlubiyyəti hakimlərin üstünə atan ev sahiblərinin çalışdırıcısı futbolçuları da qızışdırıb. Polislərin canlı səddi briqadanı döyülməkdən ancaq qoruyub. Asayiş keşikçildəri ilə dilləşən oyunçuları otağa yığmasaydılar, onlara da əl qaldıracaqdılar. 20-yə yaxın «poqon»lu komanda ilə bacarmaqda aciz idi, gücləri yalnız stadionun həyətinə toplaşmış gəncləri və uşaqları ordan qovmağa çatdı. Arada yumruq yeyən Bəhram Şahquliyev oldu. «Zirə»nin baş məşqçisi dalaşanları ayırmaq istəyərkən, sifətinə və dodağına dəyən zərbədən yaxşı qurtardı.
Sahib Qocayev oyundan yarım saat keçəndən sonra da özünə gələ bilməmişdi. Polislər istədi ki, onu da stadiondan uzaqlaşdırsın. Kapitan rütbəli şəxsin «ə, nolub? Qarabağı ermənilərdən almaq lazım gələndə heç özünə belə əl qatmazsan e…» sözündən bir az da qızışan baş məşqçini Şahquliyev kənara çəkib. Lakin yenə sakitləşməyən yerli mütəxəssis «vallah, məni yandıran uduzmaq deyil. İmkansızıq deyə, hakim hər dəfə bizi yıxmalıdı»?» deyə, həm ona, həm də Rövşən Əhmədova sual etdi. Şahquliyev hakimin onların da haqqını yediyini söylədisə, keçmiş hakim özünü eşitməlizliyə vurdu.