"Azərbaycan bu məsələlərdə ən sakit dövlət olduğunu dəfələrlə göstərib"
Gənclər və idman naziri Azad Rəhimov Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə qarşılaşacaq Almaniyanın "Borussiya" (Dortmund) komandasının ermənistanlı futbolçu Henrik Mxitaryanı Bakıya gətirmək istəməməsinə münasibət bildirib.
Sportal.az "Report"a istinadən xəbər verir ki, nazir "Borussiya" rəsmilərinin siyasi amilləri səbəb göstərməsi ilə razılaşmayıb.
O bildirib ki, Azərbaycan belə məsələlərdə təhlükəsizliyi tam təmin edən dövlətdir: ."Bakıda ilk dəfə güləş üzrə dünya çempionatı keçiriləndə Ermənistanın böyük nümayəndə heyəti gəlmişdi. Həmin vaxt Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası ilə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən birgə memorandum imzalanmışdı. Dövlətimiz isə təhlükəsizlik zəmanəti vermişdi. Yadınızdadırsa, bir neçə il öncə İrəvanda keçirilmiş cüdo üzrə Avropa çempionatı ilə əlaqədar Ermənistan paytaxtında səfərdə olmuşdum. Yəni, idman sahəsində ikitərəfli təhlükəsizlik məsələləri həll olunub. Hansı komanda hansı idmançını nə səbəbə görə gətirmirsə, o, bizə aid məsələ deyil. Azərbaycan təhlükəsizlik məsələlərini tam təmin etdiyini və bu məsələlərdə ən sakit dövlət olduğunu dəfələrlə göstərib".
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində oktyabrın 22-də keçiriləcək "Qəbələ" - "Borussiya" oyununda Almaniya təmsilçisinin erməni əsilli futbolçusu Henrik Mxitaryan iştirak etməyəcək. Buna səbəb onun Bakıya gəlməməsidir.
saytlarin hazirlanmasi