"Neftçi"də çalışdığım zaman başqa imzalarla yazı yazmışam"
"CBC Sport" kanalının şərhçisi, tanınmış jurnalist Gündüz Abbaszadə Sportal.az saytına müsahibə verib.
- Televiziya tariximizdə ilk dəfə idi ki, Azərbaycandan kənarda başqa bir ölkəyə aid olan oyun birbaşa şərh edildi. Nə hisslər keçirirdiniz?
- Karyeramın ən yadda qalan oyunlarından birini şərh etdim. Bir neçə dəfə “Qalatasaray” – “Fənərbağça” derbisini stadiondan izləmişəm. İlk dəfə idi ki, bu komandaların matçını şərh etdim. Stadionda olan atmosfer çox möhtəşəm idi. Bu şansı bizim üçün yaratdılar. Türkiyə kubokunun oyunlarını ən çox mən və Əbdülrəhman Mollaçıyev şərh etmişdi. Yəqin ki, bu, nəzərə alınmışdı. Ona görə də, Antalyaya biz getdik. Əlimizdən gələni etdik ki, ümidləri doğruldaq.
- “Fənərbağça” azarkeşi olduğunuzu çoxları bilir. Komandanızın finalda məğlub olması kefinizi pozmadı?
- Sözün düzü, bu məqamdan narahat idim. Hətta sosial şəbəkələrdə etirazlar da var idi ki, Türkiyəyə niyə “Fənərbağça” azarkeşini yollayıblar? Amma orada elə ab-hava var idi ki, mən obyektivliyi qoruyub saxlamağı bacardım. Çox sevinirəm ki, işimi peşəkar şəkildə görmüşəm. Bir şərhçi karyerasında ən gözəl günləri yaşayırsa, o həmin məqamda hansı klubun azarkeşi olduğunu bir qırağa qoyur. Onsuz da “Fənərbağça” azarkeşi olaraq çoxlu qələbələr görmüşəm. Ona görə də heç bir təəssüf hiss keçirmirəm. Amma mən belə bir hadisəni görə biləcəmmi? İndiyə qədər karyeramda belə bir gün yaşamamışdım. Sırf düşüncəmdə olan o tarixi yaşamaq idi.
- Demək olar ki, karyeranızın ən uğurlu günü məhz həmin tarix idi?
- Ən uğurlu günlərindən biri deyərdim.
- Bəs, ən uğurlu gün hansı olub?
- “Fənərbağça”nın “Çelsi”ni məğlub etdiyi oyun. Hətta o qarşılaşmadan sonra Türkiyə kanallarının birinə dəvət almışdım.
- Antalyada sizi yenidən dəvət etdilər?
- Xeyr. Niyə də dəvət etsinlər? Biz ora televiziyaya dəvət olunmaq üçün getməmişdik, öz işimizi layiqincə görmək üçün yollanmışdıq. İşimizi yüksək səviyyədə görməyə çalışdıq. Qiyməti isə tamaşaçılar verəcək.
- Türkiyədə sizi necə qarşıladılar?
- Bizi çox yaxşı qarşıladılar. Bu, özümüzə də çox xoş idi. İlk dəfə idi ki, Azərbaycan televiziya tarixində belə bir hal yaşanırdı. Düzdür, Türkiyədə televiziya çox inkişaf edib. Onlar Avropa meydanlarında keçirilən matçları birbaşa stadiondan şərh edirlər. Amma bizdə bu ilk dəfə idi ki, başqa ölkənin futbol matçını stadiondan şərh edəsən. Məşhur türkiyəli jurnalistlər və yazarlar bizimlə yaxşı rəftar etdilər. Hətta Erman Toroğlu bizə şəxsən qulluq edirdi. Oyunu şərh etdiyimiz zaman türkiyəli şərhçi bizə çox coşğulu olduğumuzu və səsimizin onların efirinə getdiyini bildirdi. İkinci hissədə oyunu daha yüksək tempdə apardıq. Türkiyəli jurnalistlər bizə bildirdilər ki, bizdə belə şərhçilər yoxdur.
- Bir müddət şərhçiliydən uzaq düşmüşdünüz. “CBC Sport”dakı işinizi necə dəyərləndirisiniz?
- Şərhçilik mənim sevdiyim peşədir. Amma təbii ki, işimizə tamaşaçı qiymət verir. “CBC Sport”da mənə şərait yaradıldı və mən də öz üzərimdə çalışmağa davam edirəm. Kim bilir, bəlkə bizi irəlidə daha yaxşı günlər gözləyir. Karyeramızın ən uğurlu günləri qabaqdadır.
- Çalışdığınız yerlərdə ilklərlə yadda qalmısınız…
- Bu da Allahın bir qismətidir. 21 yaşımda şərhçiliyə başladım. Ən gənc şərhçi idim. Təvazökarlıqdan uzaq olsa da, Azərbaycanda Avropa Liqasının qrup mərhələsində ilk dəfə oynayan klubun mətbuat xidmətinin rəhbəri mən olmuşam. Mən buna ancaq və ancaq sevinə bilərəm. Deməzdim ki, qeyri-adi bir istedadım var və buna görə də mən ilklərin adamıyam. Sadəcə qismət belə olub. Ola bilər ki, qismətim də var imiş ki, mən ilkləri yaşayım. Hətta hərbi xidmətdə olduğum zaman məzuniyyətə gələndə oyun şərh etmişdim. Buna görə, komandirim problem yaratmışdı. Amma mən onu aldatdım ki, köhnə oyunlardan birinin videoyazısıdır. Bəlkə də dünya tarixində belə bir şey yaşanmayıb. Hərbi xidmətdə ola-ola oyun şərh edəsən.
- Sizcə, Azərbaycanda şərhçilik peşəsi ucuzlaşdırılmayıb?
- Hazırda istedadlı gənclər var. Mən buna əminən. Bəlkə də, biz onlara şans verməmişik. Mən bu peşəyə başladığım vaxt elə bir dönəm idi ki, şərait var idi ki, özümü göstərim. Həmin anda vəziyyət elə yaranmışdı. Bəzi gənclərimiz var ki, mən onların adlarını çəkmək istəmirəm. Onlar bu yolda yeni addımlar atırlar.Mən bunu demədən keçmək istəmirəm. Mənim üzərimdə Asif Bağırov və İlqar Mikayıloğlunun əvəzsiz xidmətləri var. Asif Bağırov həqiqətən də peşəkar bir şərhçidir. Mən Asif Bağırovu Azərbaycanda bütün dönəmlərin ən yaxşı futbol şərhçisi hesab edirəm. Bu, mənim şəxsi fikrimdir. Mənim ondan öyrəndiyim çox şeylər var.
- Nəsə yenilik etmək fikriniz var?
- Hərdən yazı yazmaq istəyirəm. Açıq etiraf edim ki, “Neftçi”də çalışdığım zaman başqa imzalarla yazı yazmışam. Bəzi dost-tanışlar başqa imzanın olmasına baxmyaraq, həmin yazıların mənə aid olduğunu bilirdilər. Hətta yaxın dostumuz Saleh Arslan həmin yazılar dərc olunan kimi, mənə zəng edərək yazıların müəllifinin mənim olduğunu söyləyirdi.
- Bəzi ölkələrdə şərhçilik məktəbi var. Amma bizim ölkədə yoxdu…
- Bəli, düzgün vurğuladınız. Biz şərhçiliyə başlayanda tez-tez tənqid olunurduq. Çingiz İsmayılov, Valid Sənani, Aydın Əliyev və digərləri bizi qınayırdılar və tənqid edirdilər. Mən hər zaman istəmişəm ki, onlar şərhçilik məktəbi yaradılsın və biz onlardan öyrənək. Hələ öyrənəcəyimiz çox şeylər var. Şərhçilikdə zirvə yoxdur ki, onu fəth edəsən. Ümumiyyətlə, jurnalistikada da zirvə anlayışı yoxdur. Daim öz üzərində işləməlisən və inkişaf etməlisən. Biz hələ çox şeylər öyrənməliyik. Bəzi həmkarlarımız var ki, onlardan da çox şeylər öyrənirəm. Şərhçilik məktəbi mütləq lazımdı. Bu, çox vacibdir. Bəzi şərhçilirəmiz var ki, düşünürlər ki, onları dinləyən tamaşaçı savadsızdır. Xeyr, bu, belə deyil. Şərhçilər fikirləşməlidirlər ki, tamaşaçı ondan qat-qat futbolu yaxşı bilir. Mən şəxsən oyun şərh edəndə çox məsuliyyətli yanaşıram. Səhv etməməyə çalışıram. Düzdür, bəzən səhvlərə yol verirəm. Səhvə yol verməmək mümkün deyil.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi