"Spartak"ı ağladan "Neftçi"nin ağlar günü YAZI

15:53 - 11 Sentyabr 2016

“Qarabağ”, “Qəbələ”, “Kəpəz”-filan sonradan çıxdı, biz əslində əzəldən “Neftçi” azarkeşi olmuşuq. 

 

O vaxtlar (yəni qocalar demişkən, bizim vaxtımızda) “Neftçi” həm də milli komanda kimi bir şey idi, heyətinin yarıdan çoxu başqa millətlərin təmsilçilərindən olsa da, SSRİ çempionatında ölkəmizi bu komanda təmsil edirdi. 

 

Onun sayəsində bu şəhərə gürcülər (“Dinamo”, “Torpedo”, “Quriya”), ermənilər (“Ararat”), latışlar (“Jalgiris”), qazaxlar (“Kayrat”), ukraynalılar (“Dinamo” (Kiyev), “Dnepr”, “Şaxtyor”, “Metallist” və s.), ruslar (“Spartak”dan tutmuş MOİK-ə qədər ) gəlirdilər. 

 

Düzdür, “Neftçi” Bakıya ispanları, ingilisləri, almanları, fransızları gətirə bilmirdi, amma onlar, məşhur meyxanada deyildiyi kimi, bizə heç lazım da deyildi, sovet xalqları, yəni yerli əcnəbilər bizə yetirdi. 

 

Orası da vardı ki, “Neftçi” 1966-cı ildə qazandığı bürünc medalın dışında heç zaman ürəyimizi dik, başımızı qürurlu etməmişdi. Eyzən güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparır, çempionatın son oyunlarında birtəhər bu nailiyyəti qazanır, 13-cü yeri tutur, bizi sevindirirdi. Ümidimizi gələn ilə bağlayırdıq, növbəti il “Neftçi” ötənilki nailiyyətini təkrarlayırdı, biz yenə də sevinirdik. 

 

Başqa sevinci günlər də olurdu. Məsələn, yeddi oyunu dalbadal uduzan və heç-heçə edən komandamız olurdu ki, “Spartak”a, Kiyev “Dinamo”suna dirəşirdi və onların başına it oyunu açırdı, qalib gəlir, ağladıb yola salırdı. Xatırlayıram ki, bir dəfə “Neftçi” “Spartak”a Bakıda 2:1 hesabı ilə qalib gəlmişdi və matçın ən yaxşı oyunçusu kimi rəqib qapıçı Rinat Dasayev seçilmişdi. Belə çıxırdı ki, “Neftçi” “Spartak”I darmadağın edə bilərmiş (əslində durum məhz eləydi), amma “Spartak”ı bu biabırçılıqdan Dasayev qurtarıb. 

 

Buna görə də Rinat əkə sözün birbaşa mənasında qanacaqsızlıq edərək, həmin mükafatı almaqdan imtina etmişdi və bizi həm üzmüşdü (biz onu SSRİ yığmasının qapıçısı olduğu üçün çox sevirdik), həm də sevindirmişdi, elə çıxmışdı ki, İsgəndərin və Maşallahın qolları “doqquzluq”dan girib. 

 

Daha bir şanlı xatirə “Neftçi”nin Kiyevdə “Dinamo”ya dirəşməsi ilə bağlıdır. Heyətində Belanov, Zavarov, Rats, Yaremçuk, Yakovenko, Demyanenko, Mixayliçenko kimi SSRİ yığmasının oyunçuları olan  “Dinamo” öz meydanında “Neftçi”nin qarşısında kərəvəngə, əlində əsir-yesir qalmışdı. “Neftçi” hesabda qabağa çıxmışdı və hakim az qala trusik-maykasını dəyişib keçmişdi “Dinamo”nun tərəfinə, üzü bəri oynayırdı. Adam bir oyunun ikinci taymnda “Neftçi”nin qapısına 3 penalti təyin etdi. Birincini qapıçımız Jidkov çıxardı, hakim ikincini təyin etdi, hesab 1:1 oldu, amma bu yetmirdi, “Dinamo” qələbə qazanmalıydı. Hakim 3-cü penaltini də təyin etdi, Belanov vurdu, qol oldu. Belanovun sevincindən göyə tullanaraq qulun kimi çığırması hələ də qulaqlarımdadır. Bu SSRİ futbolunun tarixində elə bir biabırçılıq idi ki, axşam “Vremya”nın idman icmalçısı “Dinamo”-“Neftçi” oyunundan bəhs edərkən rişxəndlə hakimin penaltilərini “oyun sonrası penaltilər seriyası” adlandırdı və güldü.
İndi “Neftçi” gəlib kənd komandasına Bakıda 0:8 hesabıyla uduzur. Düzü, adamın şəstinə toxunur. “Neftçi” bu günlərə qalası komandaydımı?

 

Deyirlər, bu cür ağır, biabırçı məğlubiyyəti futbolçular özləri təşkil edib. Ha yana döndərsələr də, necə izahat versələr də, məhz elədir. Futbolçular qeyrətli və diqqətli oynasalar, nəinki “Qəbələ”yə, heç “Barselona”ya da 0:8 uduzmazlar. Demək ki, özləri uduzublar. Bəzi versiyaya görə, onlar bunu məşqçi Vəli Qasımova torba tikmək üçün ediblər. İnandırıcdır. 

 

Dünya futbolunda da zaman-zaman futbolçular bu cür hiylə-kələklərə əl atır, istəmədikləri məşqçini klubdan qovdururlar. Ancaq bunu öz qiymətləri 50-100 milyon arasında olan futbolçular edir. Klub rəhbərliyi o cür bahalı futbolçuları itirməmək üçün nisbətən ucuz məşqçini yola salır. Eyni şeyi Azərbaycanda etmək mümkün deyil. Bütün heyətinin qiyməti təkcə Messinin sol ayağının dəyərinə tən olmayan komanda gərək ağıllı olaydı. Çünki klub rəhbərliyi onların hamısını bir qərarla klubdan qova bilər, maaşlarını, mükafatlarını kəsər. Gələn xəbərlər də bu cürdür. 

 

Bəs bundan sonra onlara, “oyun satan”, “kluba biabırçı məğlubiyyət yaşadan”, “məşqçiyə torba tikən” futbolçulara kimi yiyə duracaq? Heç kim. 

 

Görünür, xobbilərindən böyük pullar qazanmaları, bahalı maşınlar sürmələri, villalarda yaşamaları, ən gözəl kurortlarda dincəlmələri o futbolçu gənclərdə baş gicəllənməsi yaradıbmış. 

 

Kim bilir, bəlkə də onlar məşqçiyə “torba tikmək”də haqlıdırlar? Cürətləri varsa, deyəcəklər, yoxdursa, sönmüş ulduzlar kəhkəşanında unudulub gedəcəklər. (musavat.com)

Xəbər xətti