Tahir Süleymanov: "Neftçi"nin indiki durumda olmasının günahkarı jurnalist və azarkeş deyil"

15:02 - 31 Mart 2017

“Neftçi”nin 80 illik yubileyi ilə bağlı tədbirə jurnalistləri dəvət etməməsi, geniş müzakirələrə və narazılığa səbəb olub.

 

Sportal.az xəbər verir ki, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov da sosial şəbəkədəki hesabında bu məsələ haqda yazıb. Keçmiş FİFA referisi jurnalistlərə göstərilən münasibətə görə narazılığını ifadə edib:

 

“Son günlər jurnalistlərin "Neftçi"nin 80 illik yubileyinə dəvət almaması, diqqətdən kənar qalmaları geniş müzakirə olunur. Hər bir işə emosional, subyektiv deyil, ilk növbədə futbol tələblərinə uyğun yanaşılmalıdı. Məsələnin mənəvi tərəfi də öz yerində.

 

FİFA, UEFA-nın lisenziyalaşdırma tələblərinin əsaslarından biri klubların media və ictimaiyyətlə əlaqələrərinin peşəkar səviyyədə qurulması, önəm verməsidi.

 

"Neftçi"nin son mövsümlər adına layiq çıxış etməməsi azarkeşlərin haqlı narazılığına səbəb olur. Onlar üçün fərqi yoxdu, klub rəhbərliyi, məşqçi, futbolçular kimlərdi. Onlara QƏLƏBƏLƏR lazımdı. Belə psixoloji durumda mütəxəssislərin, jurnalistlərin fikirlərinə son dərəcə həssas yanaşmaları başadüşüləndi. Təbii, obyektiv, subyektiv yazılar, rəylər olur...

 

"Neftçi"nin indiki durumda olmasının günahkarı jurnalist, azarkeş deyil. Bunun səbəbi 90 faiz futboldan, futbol idarəçiliyindən xəbəri olmayan kluba cavabdeh şəxslərdi. Klubu, komandanı formalaşdıran, məşqçi, futbolçuları dəvət edən onlardı...

 

"Neftçi"nin tarixi uğurlarında azarkeşlər kimi, jurnalistlərimizin Vətən sevgisi ilə qürur duymaları, fəxr etmələrinin canlı iştirakçısı, səbəbkarları, şahidləriyik!”

Xəbər xətti