Ölkə kubokunun yarımfinalında “Neftçi” ilk oyunda “Qarabağ”a (0:2) məğlub olmaqla, böyük ölçüdə, kuboku qazanmaq şanslarını boşa verdi. Bu isə o deməkdir ki, Avroliqaya Premyer Liqada 4-cü yeri tutan klub vəsiqə əldə edəcək. Ötən gün çətin “Qəbələ” səfərindən xal gətirən “Zirə” hal-hazırda 4-cü yerdədir və ən yaxın izləyicisi “Sumqayıt”ı 3 xal qabaqlayır. Yəni, ən şanslı “Zirə”dir. Komandanın baş məşqçisi Ayxan Abbasovla bu barədə danışdıq. Sportal.az saytına açıqlama verən gənc çalışdırıcı əvvəlcə “Qəbələ” ilə oyuna toxundu:
“Bilirdik ki, çətin olacaq. Çünki çempionluğa oynayan “Qəbələ” xal itirmək istəmir. Çətin matç oldu. Yaxşı başlamasaq da, sonradan toparlana bildik. Düzdü, “Qəbələ” ikinci qolu vura bilsəydi, çox çətin olacaqdı bizə. İkinci hissədə açıq futbol getdi. Bərabərlik qolunu vurduq, son saniyələrdə yüzfaizli qol imkanından yararlansaydıq, hətta qələbə ilə də ayrıla bilərdik həmin görüşdən. Amma heç-heçə də pis nəticə olmadı bizim üçün. Həm “Qarabağ”dan, həm də “Qəbələ”dən xal almaq “Zirə” üçün yaxşı nəticədir".
Ayxan Abbasov “Zirə”nin Avroliqa şanslarını da dəyərləndirdi:
“Zirə” ilə yanaşı, “Sumqayıt”, “Neftçi” və “Kəpəz” də iddiasını davam etdirir hələ. Təqvimimiz çətindi. “İnter”, “Sumqayıt” və “Neftçi” ilə çətin oyunlarımız var. Sonuncu turda isə səfərdə AZAL-la qarşılaşırıq. Bu durumda digərlərindən xal üstünlüyümüz var və çalışacağıq ki, bu üstünlüyü qoruyaq. İndi bütün diqqət Avroliqaya vəsiqə qazanmağa yönəlib. Tapşırığın öhdəsindən gəlsək, artıq turnir qabağı rəhbərliklə oturub müzakirə aparacağıq ki, hansı mövqeyə yeni futbolçu gətirək, müqaviləsi bitən hansı futbolçularla anlaşmanı uzadaq və s. Yeni yaradılmış klub üçün ardıcıl ikinci il Avroliqaya vəsiqə verən yeri tutmaq böyük uğur olar. Müasir futbolun tələbləri nə deyirsə, rəhbərlik hamısını yerinə yetirməyə çalışır”.
Qeyd edək ki, sona 4 tur qalmış “Zirə”nin 31, “Sumqayıt”ın 28, “Neftçi”nin 26, “Kəpəz”in isə 24 xalı var.
saytlarin hazirlanmasi