Bir vəsiqəyə dörd namizəd: "Zirə" daha şanslı, "Neftçi" hələ də ümidlidi TƏHLİL

11:15 - 7 Aprel 2017

Ölkə kubokunun yarımfinalında mübarizəni dayandıran “Neftçi” üçün Avropaya gedən yol yalnız Premyer Liqada 4-cü yerdən keçir. Amma bu yerə/vəsiqəyə birdən-birə 4 komanda göz dikib. “Zirə” (31 xal), “Sumqayıt” (28 xal) və “Neftçi” (26 xal) ilə yanaşı, hətta 7-ci pillədə olan “Kəpəz” də (24 xal) şansını saxlayır. Futbol kluarlarında gəzən söhbətlərə görə, “İnter”in dağılmaq ehtimalı var. Belə olsa, bu dördlükdən ikisi Avroliqaya yollanacaq. Lakin biz ara söhbətlərini bir kənara qoyub, mövcud reqlamentə uyğun bir təhlil aparmaq istəyirik.

 

Başlayaq “Zirə”dən. Bu klubun digərləri ilə müqayisədə üstünlüyü ən azı turnir cədvəlindən görünür. “Sumqayıt”, “Neftçi” və “Kəpəz”dən müvafiq olaraq 3,5 və 7 xal qabaqda olan “Zirə” göstərdiyi futbol, geniş heyət imkanlarına görə də digərlərindən daha şanslı sayılır. Son turların təqvimini “Zirə” üçün nə asan, nə də çox çətin hesab eləmək olar. “Qarabağ” və “Qəbələ” ilə bütün matçlarını keçiriblər. 25-ci turda evdə “İnter”i, son turda AZAL-məğlub eləsələr, vəsiqə uğrunda əsas rəqibləri “Neftçi” və “Sumqayıt”a heç olmasa uduzmasalar, mövsümü 4-cü yerdə bitirmək üçün kifayət edə bilər xal ehtiyatı.

 

25-ci tur: “Zirə” – “İnter”

26-cı tur: “Sumqayıt” – “Zirə”

27-ci tur: “Zirə” – “Neftçi”

28-ci tur: AZAL – “Zirə”

 

Mövsümün əvvəlində “Sumqayıt”ın bu heyət və bu imkanlarla Avroliqaya vəsiqə qazanmasını ehtimal edənlərin sayı çox olmazdı. Amma Samir Abasovun “gənc qvardiyası” boyundan yuxarı tullana bilər. Bu gün onları Avroliqaya vəsiqə verən pillədən cəmi 3 xal ayırır. “Sumqayıt”ın təqviminə baxsaq, “üzündən qeyri-müəyyənlik yağır”. Niyə? Son iki turda “Sumqayıt”ın rəqibləri “Qarabağ”la “Qəbələ”di. O vaxta kimi çempionluğun taleyi həll olunsa, çempionatın iki ən güclü komandası “Sumqayıt”a qarşı xüsusi istəklə oynamaya bilərlər. Yox, çempionluq mübarizəsi davam eləsə, o zaman daha qəliz olacaq “Sumqayıt”ın işi. Amma buna qədər AZAL və birbaşa rəqib “Zirə” ilə çətin matçlar var. Və “Zirə”yə uduzsalar, son iki turdakı uğurlu nəticələr də işə yaramaya bilər.

 

25-ci tur: AZAL – “Sumqayıt”

26-cı tur: “Sumqayıt” – “Zirə”

27-ci tur: “Qarabağ” – “Sumqayıt”

28-ci tur: “Sumqayıt” – “Qəbələ”

 

“Neftçi”də üzlər daha gülmür. Qış fasiləsindən sonra yaxşı sürət yığan, 17 xal toplayan komanda son zamanlar anlaşılmaz durğunluğa düçar olub. 80 ilin ümidləri 4-cü yerə qalıb. Klub heç olmasa, Avropaliqaya çıxıb bir neçə mərhələ adlamaqla yubiley ilində bir az canlanma yarada bilər adı ətrafında. Bunun üçün ilk növbədə Gəncə səfərindən üzüağ qayıtmaq lazımdı. Amma o da var ki, “Kəpəz”i Gəncədə yenmək hələm-hələm əmələ gələn iş deyil. Son iki turda “Zirə” və “Qarabağ”la matçlar da çətin keçəcək. Son ümidlərin ardınca gedən “Neftçi”nin mövsümü major notlarda bitirməkdən başqa yolu yoxdu...

 

25-ci tur: “Kəpəz” – “Neftçi”

26-cı tur: “Neftçi” – AZAL

27-ci tur: “Zirə” – “Neftçi”

28-ci tur: “Neftçi” – “Qarabağ”

 

Riyazi cəhətdən “Kəpəz” də şanslarını saxlayır. Amma Gəncə klubunun taleyi öz əlində deyil, hətta bir qədər real olsaq, möcüzəyə bərabərdi. “Kəpəz” qarşıdakı 4 oyunun hamısında qələbə də qazansa, bu, yetərli olmaya bilər.

 

25-ci tur: “Kəpəz” – “Neftçi”

26-cı tur: “Kəpəz” – “Qəbələ”

27-ci tur: AZAL – “Kəpəz”

28-ci tur: “Kəpəz” – “İnter”

 

Emin ABBASOV

Xəbər xətti