"Qarabağ" Azərbaycan Premyer Liqasında 2016/17 mövsümünün sonuna 2 tur qalmış çempionluğu təmin edib.
Sportal.az xəbər verir ki, Ağdam klubu bunu Premyer Liqanın 26-cı turunda "İnter"lə səfər matçında (0:3) reallaşdırıb. Matçdan sonra "Qarabağ"ın oyundakı 2 qolunun müəllifi Dino Ndlovu əməkdaşımızın da suallarını cavablandırıb:
- “Bu il çempion olmaq daha çətin oldu, zədəli futbolçularımızın yoxluğu işimizə mane ola bilərdi. Amma böyük klub olduğumuzu bir daha nümayiş etdirdik, bir-birimizə inamımız sona qədər oldu.Bu gün bütün oyun boyu “İnter”dən üstün olduq və qələbə qazandıq”.
- Çempionluğu rəsmiləşdirən oyunda vurduğun 2 qol sənin üçün nə dərəcədə önəmlidir?
- Mənim üçün əsas komandanın nəticəsidir. Düzdü, vurduğum 2 qol oyunun nəticəsinə birbaşa təsir etdi. Nəticədə 3 xal qazandıq və çempionluğu təmin etdik. Şəxsən mənim üçün önəmli olmasa da, komanda üçün vacib nəticədir.
- Bombardirlik yarışmasında ikinci pillədəsən. Şanslarını nə qədər görürsən?
- Fərdi titullar mənim üçün önəm daşımır. Əvvəllər fərdi mükafatım olsa da, “Qarabağ”a sırf kollektiv mükafatlar qazanmaq üçün gəlmişəm.
- Son vaxtlar mətbuata açıqlama verməkdən boyun qaçırırsan. İnciməmisən?
- İlk növbədə bizim işimiz meydanda futbol oynamaqdır. 10 gün ərzində 3-4 oyunumuz var idi və mən həmin matçlara fikrimi yönəltmişdim. Buna görə də boş yerə azarkeşlərimizi ümidləndirmək istəmirdim. Vacib oyunlarımızda yaxşı nəticələr əldə etdik, bundan sonra danışmağa hazıram (gülür).
- Növbəti 2 oyunu kubokun finalına hazırlıq saymaq olar?
- Hər bir oyuna ciddi yanaşırıq. Qarşıdakı 2 oyundan maksimum xal toplamağa çalışacağıq.
saytlarin hazirlanmasi