Azərbaycan Premyer Liqasında XXVII turun “Zirə” – “Neftçi” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:
"Meydanda çox gərgin mübarizə getdi. Rəqibi təbrik edirəm. Düşünürəm ki, "Zirə" avrokubok problemini 70 faiz həll etdi".
- Texniki məğlubiyyətdən nə vaxt xəbər tutdunuz?
- Əvvəlcə meydana Cavid İmamverdiyevi daxil edəcəkdik. Təəssüf ki, tərsinə oldu və limiti pozduq. Bunu texniki qüsur adlandırardım.
- "Forza Neftçi" azarkeşləri "istefa" qışqırdıqlarına görə, mübahisəylə üzləşdilər. Nəticədə tribunanı küsüb tərk etdilər...
- Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi. Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz.
- Belə bir söhbət gəzirdi ki, 4-cü hakim əvəzetmə zamanı nümayəndənizə limiti pozduğunuzu xəbər verib...
- Xeyr, belə bir şey ola bilməz. Axı, bilsəydik bu cür səhvə yol verməzdik. Ola bilər əvəzetmədən sonra bu məlumatı verib.
- Qış fasiləsindən sonrakı startınız uğurlu alınsa da, sonradan daha zəif komandalarla xallar itirdiniz. Bunun səbəbi nədi?
- İki cəbhəyə vuruşmağa hazır deyildik. Kubok və çempionatda qısa zaman kəsiyində4 oyun keçirdik. Bəlkə də kubokdan imtina etsəydik,daa yaxşı olardı. (Futbolpress.az)